Bakı. Trend:
Bakı ənənəvi yanacaq növlərini də əhatə edən balanslaşdırılmış enerji strategiyasına sadiqdir.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Astanada keçirilən "KAZENERGY" Forumunda çıxışında deyib.
“Ənənəvi enerji zəruri olaraq qalmaqdadır. Ötən il Azərbaycanda 50 milyard kubmetr təbii qaz hasil olunub. Təbii qaz enerji keçidi prosesində ən vacib keçid yanacağıdır və bunun 25 milyard kubmetrindən çoxu, o cümlədən 13 milyard kubmetri Avropaya ixrac olunub”, - deyə nazir müavini qeyd edib.
O, SOCAR və Türkiyənin “Botash” şirkəti arasında tərəfdaşlıq nəticəsində Suriyaya qaz ixracının genişləndirilməsini xüsusi vurğulayıb.
“Suriyada gələcək elektrik enerjisi istehsalı üçün tədarük edilən qaz Yaxın Şərqdə əlavə imkanlar açacaq”, -deyə o əlavə edib.
Orxan Zeynalov paralel şəkildə yeni energetikaya keçidlə yanaşı, ənənəvi energetika sektoruna yatırımların davam etdirilməsinin vacibliyini qeyd edib.
“Bəzi regionlarda ayrı-ayrı beynəlxalq maliyyə institutları ənənəvi energetikaya investisiyaların əleyhinə çıxır ki, bu da dayanıqlı inkişaf və enerji təhlükəsizliyinə mane ola bilər”, – deyə o bildirib.