Bakı. Trend:
Kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (10.8%) üstələməkdə davam edir.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorunun kredit portfeli 12% artaraq 28.5 milyard manata çatıb. 2025-ci ilin ilk yarımilində kredit portfelinin artım tempi 3.6% təşkil edib.
Bildirilib ki, son illər müşahidə olunan kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunsa da, portfelin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (10.8%) üstələməkdə davam edir. Sektor üzrə 18 bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb, 13 bankda isə kredit portfelinin artımı nominal qeyri-neft ÜDM artımının üzərində olub. 7 bankda artım 15%-dən yüksək olub. Bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə, 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul edilib.
Kredit portfelinin artımı həm biznes, həm istehlak, həm də ipoteka portfeli üzrə baş verir. İlin əvvəli ilə müqayisədə biznes kreditləri 2.4% (356 milyon manat) artaraq 15.1 milyard manat, istehlak kreditləri 5.4% (453 milyon manat) artaraq 8.9 milyard manat, ipoteka portfeli isə 4.3% (185 milyon manat) artaraq 4.4 milyard manat olub.