Daşkənd. Trend:
"Mərkəzi Asiya-Azərbaycan" "yaşıl" enerji dəhlizi layihəsinə yeni iştirakçıların əlavə edilməsi ilə bağlı rəsmi açıqlamanın tezliklə verilməsi gözlənilir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu bu gün Daşkənddə Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti nəzdindəki Enerji Geosiyasəti Mərkəzinin rəhbəri Xayotjon İbrahimov jurnalistlərə açıqlamada deyib.
“Müxtəlif ölkələr elektrik enerjisinə tələbat artdıqca bu layihədə iştirak etməkdə maraqlıdırlar. İnanıram ki, tezliklə qalan iştirakçıların da bu layihəyə qoşulacağı rəsmi elanını görəcəyik.”, – deyə İbrahimov bildirib.
Ekspert həmçinin qeyd edib ki, Avropada elektrik enerjisinə yüksək tələbat və Özbəkistan və Qazaxıstanda bərpa olunan enerji istehsalında gözlənilən artım nəzərə alınmaqla, ilkin hesablamalar təşəbbüsün potensialını təsdiqləyir.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. Bu layihə ölkələrin enerji sistemlərini birləşdirir və Avropaya təmiz enerji ixracı üçün imkanlar açır, Aİ-nin ənənəvi enerji mənbələrindən asılılığını azaldır.
