Bakı. Trend:
“China Railway Container Transport” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd” şirkətinə qoşulmasından sonra Orta Dəhliz üzrə konteyner daşımalarının iki dəfə artacağı gözlənilir.
Trend xəbər verir ki, bunu “Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə heyətinin sədri Talqat Aldırberqenov Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
“İki həftə əvvəl Çin Dəmir Yolları "CRCT" şirkəti vasitəsilə Orta Dəhlizə qoşuldu. Biz bu marşruta böyük ümidlər bəsləyirik”, - deyə o bildirib.
Aldıberqenov qeyd edib ki, bu gün Qazaxıstan və Azərbaycan arasında yükdaşımaların həcmində qəti artım müşahidə olunur.
“Son dörd ildə onlar (yükdaşımaları-red) yeddi dəfə artıb. 2025-ci ilin on ayında daşımaların həcmi 4,1 milyon tona çatıb ki, bu da yüksək dinamikanı göstərir. Eyni zamanda xüsusi vurğulamaq istərdim ki, taxıl daşımaları 25 dəfə artaraq təxminən 600 min tona çatıb”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Sian şəhərində keçirilən “Çin - Avropa” dəmir yolu marşrutu üzrə ikinci beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Çin Dəmir Yollarının "CRCT" şirkəti vasitəsilə Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının birgə müəssisəsi “Middle Corridor Multimodal Ltd”yə qoşulması barədə razılaşma imzalanıb.
