Bakı. Trend:
TRACECA Hökumətlərarası Komissiyası və BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE) Bakıda multimodal nəqliyyatın rəqəmsallaşdırılması məsələsini müzakirə ediblər.
Trend TRACECA-ya istinadən xəbər verir ki, müzakirələr Ticarətin Asanlaşdırılması və Nəqliyyat İnfrastrukturu Potensialının Artırılması üzrə 20-ci Beynəlxalq Seminar çərçivəsində baş tutub.
“Seminar UNECE tərəfindən TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Özbəkistan, Ukrayna və Türkmənistan nümayəndələri, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya Ölkələrinin İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Proqramı (SPECA) çərçivəsində dəvət olunmuş ekspertlər iştirak ediblər.
Seminar UN/CEFACT standartlarından istifadə etməklə multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasına fokuslanıb və Transxəzər Nəqliyyat Dəhlizinin inkişafını əhatə edib”, – məlumatda qeyd olunub.
TRACECA-nın məlumatına görə, seminarın əsas məqsədi ölkələrin ticarət və nəqliyyatın sadələşdirilməsi üçün rəqəmsal həlləri həyata keçirmək imkanlarını gücləndirmək, həmçinin multimodal tədarük zəncirlərində informasiya sistemlərinin uyğunluğunu təmin etmək üçün BMT standartlarının tətbiqinin praktik aspektlərini müzakirə etmək olub.
Məlumatda bildirilir ki, seminar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, UNECE, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropada Potensialın Artırılması üzrə Regional Ofisinin Direktorunun təbrik nitqləri ilə açılıb.
TRACECA-nın məlumatına görə, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş Katibi Asset Assavbayev beynəlxalq nəqliyyatın səmərəliliyi və dayanıqlığının artırılmasında rəqəmsallaşdırmanın əsas rolunu vurğulayıb. O, bu istiqamətin TRACECA Beynəlxalq Nəqliyyat Dəhlizinin Rəqəmsal Konsepsiyasında əks olunduğunu və təşkilatın fəaliyyət prioriteti olduğunu qeyd edib.
“UN/CEFACT standartlarının ölkələr və nəqliyyat növləri arasında rəqəmsal həllərin uyğunluğu və qarşılıqlı tanınması üçün əsas rol oynadığı xüsusilə vurğulandı.
Rəqəmsal nəqliyyat həllərinin inkişafı maraqlı tərəf olan ölkələr, dəmir yolu idarələri və beynəlxalq təşkilatların birgə səylərini, həmçinin UN/CEFACT standartlarının istifadəsini və elektron məlumat mübadiləsinin mərhələli tətbiqini tələb edir”, – Assavbayev bildirib.
İki günlük proqram çərçivəsində multimodal nəqliyyatın rəqəmsallaşdırılması üzrə pilot layihələrin nəticələri və növbəti addımlara həsr olunmuş bir sıra sessiyalar keçirilib. Sessiyalarda UNECE, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Ümumdünya Gömrük Təşkilatı (WCO), UN/CEFACT ekspertləri, BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) nümayəndələri, dəmir yolu idarələri, limanlar, müvafiq milli orqanlar və beynəlxalq peşəkar assosiasiyaların nümayəndələri təqdimatlar ediblər”, – deyə məlumatda vurğulanıb.
Məlumatda qeyd olunur ki, müzakirələrdə TRACECA marşrutlarında elektron dəmir yolu daşımaları sənədi e-CIM/SMGS, Xəzər regionunda limanlar arasında məlumat mübadiləsi, elektron yol sənədi (eCMR) layihələri və milli elektron platformaların inkişafı, həmçinin nəqliyyat məlumatlarının gömrük və digər tənzimləyici İT sistemlərinə inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.
“Sessiyalardan birində TRACECA-nın Baş katibi e-CIM/SMGS pilot layihəsinin növbəti mərhələlərinə dair təqdimatla çıxış edib. Təqdimatda layihənin gələcək sınaqlarının aparılması, coğrafi əhatəsinin genişləndirilməsi, eləcə də elektron nəqliyyat sənədlərinin daha geniş tətbiqi məqsədilə müqavilə və texniki sazişlərin hazırlanması məsələləri əhatə olunub.
Seminar çərçivəsində, həmçinin “TRACECA nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfəyə görə” mükafatlandırma mərasimi keçirilib. Mərasim zamanı multimodal nəqliyyatın rəqəmsallaşdırılması layihələrinin, o cümlədən e-CIM/SMGS pilot layihəsinin inkişafı və tətbiqinə mühüm töhfə vermiş təşkilatların nümayəndələri və ekspertlər təltif olunublar.
Seminarın yekununda iştirakçılar BMT standartları, xüsusilə UN/CEFACT standartları əsasında multimodal nəqliyyatın rəqəmsal transformasiyasının bundan sonra da təşviq edilməsinə sadiqliklərini təsdiqləyiblər və TRACECA regionunda və SPECA ölkələrində fasiləsiz multimodal rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması məqsədilə dövlət orqanları, beynəlxalq təşkilatlar və özəl sektor arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini vurğulayıblar”, – məlumatda deyilir.
