...

"Asan İmza" Azərbaycana hər il ÜDM-in təxminən 2 faizi həcmində vəsaitə qənaət etməyə imkan verir - AİB

İqtisadiyyat Materials 30 Dekabr 2025 10:15 (UTC +04:00)
"Asan İmza" Azərbaycana hər il ÜDM-in təxminən 2 faizi həcmində vəsaitə qənaət etməyə imkan verir - AİB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın mobil elektron identifikasiya üzrə milli sistemi olan "Asan İmza" hər il təxminən ÜDM-in 2%-i həcmində vəsaitə qənaət etməyə imkan verir.

Trend bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatına istinadən məlumat verir.

AİB-in hesabatına görə, "Asan İmza" maliyyə institutlarına, mobil operatorlara və dövlət orqanlarına istifadəçilərin şəxsiyyətini rəqəmsal formatda təsdiqləməyə, eləcə də onlayn bankçılıq da daxil olmaqla rəqəmsal xidmətlərin alınması zamanı elektron imzadan istifadə etməyə şərait yaradır.

Sistem dövlət-özəl tərəfdaşlıq modeli əsasında həyata keçirilir. Layihənin əsas iştirakçıları milli sertifikatlaşdırma orqanı kimi çıxış edən ASXM Sertifikat Xidmətləri Mərkəzi, xidmət provayderi “B.EST Solutions”, “Azercell”, “Azerfon” və “Bakcell” mobil operatorları, son istifadəçilər, həmçinin dövlət qurumları və banklar da daxil olmaqla xidmət təminatçılarıdır.

AİB analitikləri vurğulayırlar ki, "Asan İmza"nın tətbiqi səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına və inzibati xərclərin azalmasına səbəb olub. Belə ki, hazırda vergi bəyannamələrinin 90%-i, əmək müqavilələrinin 100%-i və gömrük bəyannamələrinin 100%-i onlayn qaydada rəsmiləşdirilir. Bundan əlavə, B2B seqmentində bütün hesab-fakturalar rəqəmsal formatda tərtib olunur, şirkətlərin qeydiyyatı isə cəmi beş dəqiqə çəkir.

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanın bütün iri bankları müştərilərin identifikasiyası üçün "Asan İmza"dan istifadə edir ki, bu da KYC (müştərini tanı) və AML (çirkli pulların yuyulmasına qarşı mübarizə) prosedurlarını xeyli sadələşdirib.

“Bunun nəticəsində Azərbaycan hökuməti hər il ÜDM-in 2%-i səviyyəsində qənaətə nail olub. İşləyən vətəndaş tərəfindən istifadə edilən hər bir rəqəmsal imza ölkəyə ildə təxminən 1 avro və beş günədək zamana qənaət etməyə imkan verir”, – AİB-in sənədində qeyd olunub.

Məlumata görə, mobil e-ID həlli ölkədə rəqəmsal və maliyyə uçurumunun azalmasına töhfə verib.

“Belə ki, vergi ödəyiciləri kompüterdən və ya internetə çıxışdan istifadə etmədən ixtisaslaşmış qaynar xətt vasitəsilə bəyannamələrini təqdim edə bilirlər. Eyni zamanda, istifadəçilər xidmət təminatçıları ilə qarşılıqlı əlaqə zamanı telefon vasitəsilə maliyyə xidmətlərindən yararlanmaq və şəxsiyyətlərini təsdiqləmək imkanı əldə edirlər”, – deyə hesabatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti