...

AİB Azərbaycanda fintex və rəqəmsal ödənişlərin inkişafı ilə bağlı tövsiyələrini bölüşüb

İqtisadiyyat Materials 30 Dekabr 2025 12:28 (UTC +04:00)
AİB Azərbaycanda fintex və rəqəmsal ödənişlərin inkişafı ilə bağlı tövsiyələrini bölüşüb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Hüquqi bazanın təkmilləşdirilməsi, innovativ həllərin tətbiqi üçün daha əlverişli şəraitin yaradılması, yerli və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin kommersiya banklarının fintex sahəsinə cəlb edilməsi Azərbaycanın fintex ekosisteminin inkişafını yeni mərhələyə çıxarmaqda həlledici rol oynaya bilər.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının son hesabatında qeyd olunur.

“İnnovasiyaların maliyyələşdirilməsi üçün mövcud mənbələrin məhdudluğu şəraitində dövlət stimulları innovasiyaların hazırlanma mərhələsindən real istehlakçı tələbatlarının ödənilməsi səviyyəsinə keçidi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Mərkəzi Bankı innovativ həllərin bazara çıxarılmasını sürətləndirmək, rəqabəti artırmaq və dayanıqlı maliyyə innovasiyalarının dəstəklənməsi ilə bağlı problemləri həll etmək məqsədilə tənzimləyici "sandbox" yaradıb. Yeni xidmətlərin sınaqdan keçirilməsi üçün bu platformadan istifadə ödəniş kartlarının və elektron pulların emissiyası da daxil olmaqla ödəniş xidmətlərinin sayını artıra, həmçinin maliyyə əlçatanlığının genişləndirilməsi üçün agent şəbəkəsinin formalaşmasına töhfə verə bilər”, – deyə AİB-in hesabatında vurğulanır.

Bankın analitikləri bildirirlər ki, yeni ödəniş xidmətlərinin (məsələn, köçürmələr, elektron pullar və ödəniş kartları) təqdim edilməsi və açıq interfeyslər (API) texnologiyasının inkişafı rəqabət üçün yeni imkanlar yaradacaq.

“Həm bank, həm də fintex sektorlarının kəsişməsi innovasiyalar üçün əlavə imkanlar açır. Bir sıra hallarda Azərbaycan bankları və fintex şirkətləri qarşılıqlı asılı vəziyyətə düşürlər. Bəzi fintex şirkətləri ödəniş aqreqatoru kimi çıxış edərək kütləvi xidmətlər üzrə rəqəmsal ödənişlərin qəbulu üçün kommersiya banklarına zəruri keçid imkanları təqdim edirlər. Onlar banklar adından nağd ödənişlərin qəbulu üçün geniş ödəniş terminal şəbəkəsi formalaşdırırlar. Eyni zamanda, kommersiya bankları fintex şirkətlərini rəqəmsal ödənişlərin həyata keçirilməsi üçün platformalarla təmin edirlər. Bu cür əməkdaşlıq rəqəmsal maliyyə xidmətləri bazarının inkişafını dəstəkləyir”, – deyə hesabatda qeyd olunur.

AİB bildirir ki, maliyyə əlçatanlığı Azərbaycanın iqtisadi artımının mühüm aspektinə çevrilib və bu proses maliyyə texnologiyalarının sürətli inkişafı ilə müşayiət olunur. Maliyyə əlçatanlığını artıran xidmətlər əsasən banklar, qeyri-bank kredit təşkilatları və sığorta şirkətləri tərəfindən təqdim edilir.

“Ödəniş xidmətləri və sistemləri haqqında qanunun qəbul edilməsi fintex startapları üçün "sandbox" rejimini açacaq və onlara məhsul və xidmətlərini daha əlverişli şərtlərlə sınaqdan keçirməyə imkan verəcək. Açıq API texnologiyasının tətbiqi prioritet layihəyə çevrilməlidir. Artıq hazırlanmış "Açıq bankçılıq üzrə Yol Xəritəsi" əsasında hökumət fintex şirkətlərinin rəqəmsal ödəniş sistemlərində birbaşa və ya dolayı iştirakını təmin edə bilər ki, bu da tranzaksiya xərclərini azaldacaq və ödəniş əməliyyatlarının səmərəliliyini artıracaq. Eyni zamanda, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və təcrübə mübadiləsi üçün Azərbaycan Fintex Assosiasiyasının platforması genişləndirilməlidir ki, qabaqcıl beynəlxalq təcrübələr tətbiq edilsin və innovativ həllərin istifadəsi sürətləndirilsin. İnfrastruktur sahəsində isə hökumət telekommunikasiya sektorunda dövlət müəssisələrinin özəlləşdirilməsi imkanlarını nəzərdən keçirə bilər ki, bu da şəffaflığı artıracaq və böyük ehtimalla investisiyaların və innovasiyaların artmasına gətirib çıxaracaq”, – deyə AİB-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti