...

Dünya Bankı 2028-ci ilədək Azərbaycanın real ÜDM artımı üzrə proqnozları açıqlayıb

İqtisadiyyat Materials 14 Yanvar 2026 04:31 (UTC +04:00)
Dünya Bankı 2028-ci ilədək Azərbaycanın real ÜDM artımı üzrə proqnozları açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Gözləntilərə görə, Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz artacaq.

Bu barədə Trend Dünya Bankının 2026-cı ilin yanvar ayına dair "Global Economic Prospects" hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, iqtisadi artım karbohidrogenlər sektorundakı amillər və fiskal siyasətin sərtləşdirilməsi ilə məhdudlaşacaq.

Proqnozlar son dövrdə müşahidə olunan artım dalğalanmaları ilə müqayisədə zəifləməni göstərir. Dünya Bankının məlumatına görə, Azərbaycan ÜDM-i 2024-cü ildə 4,1 faiz artıb, 2023-cü ildə isə 1,4 faiz azalıb, 2025-ci il üzrə artım isə 1,9 faiz səviyyəsində qiymətləndirilir.

Hesabatda bildirilir: “Azərbaycanda iqtisadi fəallığın karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və fiskal siyasətin sərtləşdirilməsi səbəbindən məhdud qalacağı gözlənilir”.

Eyni zamanda Dünya Bankı regional dinamikanın yaxşılaşdığını vurğulayaraq qeyd edib ki, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin paraflanması Cənubi Qafqazda sabitliyi möhkəmləndirəcək və iqtisadi inteqrasiyanı dərinləşdirəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında ölkədə 116,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artıb.

ÜDM-in 34 faizi sənayenin, 10,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və kommunikasiya sektorunun, 21,1 faizi digər sahələrin payına düşüb, məhsullar və idxal üzrə xalis vergilər isə ÜDM-in 9,5 faizini təşkil edib.

Adambaşına düşən ÜDM 11 356,4 manat olub.

Xəbər lenti

Xəbər lenti