Bakı. Trend:
Azərbaycan Avrasiya regionundan kapital ixrac edən əsas ölkələrdən biridir.
Trend xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AAİB) hesabatında qeyd olunub.
Hesabatda vurğulanır ki, Avrasiya regionu ölkələri kapitalın fəal ixracatçıları kimi çıxış edirlər. 2025-ci ilin birinci yarısının sonuna olan vəziyyətə görə, onların Asiya ölkələrindəki birbaşa xarici investisiyalarının (BXİ) həcmi 56,6 milyard ABŞ dollarına çataraq son bir il yarım ərzində 12,5% artıb.
“Avrasiya regionundan Rusiya, Azərbaycan və Qazaxıstan əsas kapital ixracatçıları olaraq qalmaqdadır. Bu üç ölkənin payına Asiya ölkələrinə yönələn bütün çıxış investisiyalarının demək olar ki, tam həcmi düşür. Rusiyanın payı 72% təşkil edir ki, bu da onun korporativ sektorunun miqyası və regiondan kənarda elektroenergetika, emal sənayesi və infrastruktur sahələrində tarixi mövcudluğu ilə izah olunur. Azərbaycan əsasən neft-qaz və neft emalı sektorlarına yatırımlar hesabına çıxış BXİ-nin 23%-ni təmin edir, Qazaxıstanın payı isə (4%) maliyyə xidmətləri və daşınmaz əmlak inkişafı sahələrinə investisiyalar hesabına tədricən genişlənir”, – deyə AAİB-də bildirilib.
Bundan əlavə, hesabatda qeyd olunur ki, Hindistan investisiyaları əsasən Rusiya və Azərbaycanın neft-qaz sektorunda cəmləşib.
AAİB analitikləri vurğulayırlar ki, Türkiyə Avrasiya regionu ölkələrindən investisiya qəbul edən ən böyük ölkədir. Toplanmış investisiyaların həcmi 44 milyard ABŞ dollarına çatıb ki, bu da Türkiyənin Avrasiya regionu ölkələrinə yatırdığı investisiyaların həcmindən (18,6 milyard ABŞ dolları) iki dəfədən çoxdur. Əsas töhfə enerji və neft emalı sektorlarında fəaliyyət göstərən Rusiya və Azərbaycan şirkətləri tərəfindən təmin olunur.
“Sahəvi stuktur baxımından Körfəz ölkələri əsas investisiyalarını neft-qaz sektoruna və elektrik enerjisinə yönəldiblər. Ümumi yatırımların təxminən 43%-i Türkmənistanda neft hasilatı layihəsinin payına düşür, daha 35%-i isə Özbəkistan və Azərbaycanda, əsasən bərpa olunan enerji mənbələri seqmentində həyata keçirilən 29 elektrik enerjisi layihəsinə aiddir. Son illərdə ərəb investorları aktivlərin şaxələndirilməsi imkanlarını daha fəal şəkildə araşdırır, Azərbaycan, Gürcüstan və Ermənistanda yeni investisiya istiqamətlərini nəzərdən keçirirlər”, – hesabatda qeyd olunub.
Məlumata görə, 2025-ci ilin birinci yarısının sonuna olan vəziyyətə görə, Səudiyyə Ərəbistanının Avrasiya regionu ölkələrində topladığı investisiyaların həcmi 4,17 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.
“Son bir il yarım ərzində artım 2 milyard ABŞ dollarından çox olub ki, bu da regionda Səudiyyə şirkətlərinin investisiya fəallığının kəskin yüksəldiyini göstərir. Səudiyyə Ərəbistanının əsas investisiya istiqaməti Özbəkistandır – bütün toplanmış yatırımların təxminən 93%-i bu ölkənin payına düşür. Sərmayelərin qalan hissəsi isə Azərbaycana yönəlib”, – hesabatda bildirilir.
AAİB-də qeyd olunur ki, Azərbaycan Türkiyədən BXİ cəlb edən əsas tərəfdaşlardan biridir.
“Buna həm coğrafi baxımdan eləcə də, iki dövlət arasında mövcud olan siyasi və mədəni bağlılıq şərait yaradır. Türkiyənin Azərbaycandakı (eləcə də bütün Avrasiya regionundakı) ən iri investisiya layihəsi Şahdəniz yatağının işlənilməsidir. Bu layihədə Türkiyənin TPAO şirkəti (Türkiye Petrolleri Anonim Ortaklığı) Xəzər dənizinin cənub hissəsində qaz hasilatı və işlənməsi üzrə beynəlxalq konsorsiumun iştirakçılarından biridir”,- deyə hesabatda vurğulanır.
