Bakı. Trend:
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) öz hesabatında Azərbaycanın iqtisadi sabitliyi və cəmiyyətin rifahı naminə ölkənin əsas dövlət şirkətlərini, xüsusilə “Azərişıq”, “Azərsu” və “Azərenerji” ASC-nin biznesin davamlılığı planları (BDP) tətbiq etmələrini tövsiyə edir.
Trend bu barədə palatanın hesabatına istinadən xəbər verir.
“Əsas dövlət şirkətləri üçün biznesin davamlılığı planları (BDP) Azərbaycanın iqtisadi sabitliyi və cəmiyyətin rifahı ölkənin əsas dövlət şirkətlərinin, xüsusilə “Azərişıq”, “Azərsu” və “Azərenerji” ASC-lərin fasiləsiz fəaliyyətindən asılıdır. Bu qurumlar ölkənin kritik infrastrukturunun əsas dayağını təşkil edir və gündəlik həyatın, sənaye fəaliyyətinin və ictimai təhlükəsizliyin davamlılığını təmin edən elektrik enerjisi, su və enerji təchizatını həyata keçirirlər”,- AmCham ekspertləri qeyd edirlər.
Hesabatda vurğulanır ki, əsas dövlət şirkətləri üçün BDP-lərin tətbiqi sadəcə inzibati islahat deyil, milli təhlükəsizlik və iqtisadi sabitlik üçün strateji müdafiə tədbiridir.
“BDP-lər zəruri xidmətlərin fasiləsizliyini, vətəndaşların müdafiəsini və iqtisadiyyatın zərbələrə qarşı dayanıqlığını təmin edəcəkdir”,-deyə sənəddə qeyd olunur.
Hesabata əsasən, Azərbaycan hökumətinə aidiyyəti nazirliklər və tənzimləyici qurumlarla birlikdə aşağıdakı tədbirləri görmək tövsiyə olunur.
- Əsas dövlət şirkətləri (məsələn, “Azərişıq”, “Azərsu”, “Azərenerji”) üçün BDP-lərin hazırlanması, tətbiqi və davamlı şəkildə saxlanılması qanunvericiliklə məcburi tələbə çevrilsin.
- Beynəlxalq standartlara (məsələn, ISO 22301) uyğun olaraq əhəmiyyətli xidmətlər üçün vahid BDP çərçivəsi hazırlanıb dərc edilsin
-Kritik funksiyalar üzrə risk qiymətləndirmələri və ssenari əsaslı davamlılıq planlaşdırması məcburi qaydada həyata keçirilsin;
- BDP-lərin hazırlıq vəziyyətinə nəzarət üçün milli nəzarət orqanı və ya nazirliklərarası koordinasiya platforması yaradılsın; müntəzəm BDP testləri və simulyasiya təlimləri keçirilsin, nəticələrin sektor tənzimləyicilərinə və ya Nazirlər Kabinetinə hesabatlılığı təmin olunsun;
-Dövlət–özəl tərəfdaşlıqları çərçivəsində bilik və texniki potensial mübadiləsi təşviq edilsin;
- BDP sistemi güclü olan dövlət şirkətləri üçün təşviq mexanizmləri (məsələn, satınalma üstünlükləri, vergi güzəştləri) tətbiq olunsun;
AmCham sənəddə göstərib ki, əsas dövlət şirkətləri üçün BDP-lərin tətbiqi və əməliyyatlaşdırılması, Azərbaycanın risklərə qarşı dayanıqlığını artıracaq, əsas xidmətlərin fasiləsizliyini təmin edəcək və dövlət sektorunun davamlılıq üzrə idarəçiliyini beynəlxalq təcrübələrlə uyğunlaşdıracaqdır.
