Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Hindistan, İndoneziya, Filippin, Türkmənistan və Özbəkistanın iştirak etdiyi, sənaye və dənizçilik kimi karbonsuzlaşdırılması çətin olan sektorların karbonsuzlaşdırılmasına dəstək məqsədi daşıyan regional texniki yardım layihəsini təsdiqləyib.
Bu barədə Trend AİB-ə istinadən məlumat verir.
Bilik və dəstək xarakterli texniki yardım layihəsi bir neçə mənbə hesabına maliyyələşdiriləcək. Bunlara Texniki Yardım üzrə Xüsusi Fonddan 500 min ABŞ dolları, “Ağıllı” enerji üzrə İnnovasiyalar Fondundan 1 milyon ABŞ dolları və İspaniya Texniki Yardım üzrə Əməkdaşlıq Fondundan 750 min ABŞ dolları daxildir.
Təşəbbüs AİB-in əsas əməliyyat prioritetlərinə uyğundur. Bu prioritetlərə gender bərabərliyinin təmin edilməsində irəliləyişin sürətləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və iqlim və fəlakət dayanıqlığının gücləndirilməsi, ekoloji dayanıqlılığın artırılması, idarəetmə sisteminin və institusional potensialın möhkəmləndirilməsi, eləcə də regional əməkdaşlıq və inteqrasiyanın inkişafı daxildir.
.Texniki yardım bankın inkişaf etməkdə olan üzv ölkələrinə emissiyaların azaldılmasının ən çətin olduğu sektorların - sement və polad sənayesi, gübrə istehsalı, neft-kimya sənayesi və dəniz nəqliyyatı kimi sahələrin dekarbonizasiyasının sürətləndirilməsində dəstək göstərilməsinə yönəlib və Paris Sazişinin hədəflərinə uyğundur. AİB-də qeyd edilib ki, bir sıra ölkələrdə keçid artıq başlasa da, müxtəlif inkişaf trayektoriyalarını nəzərə alaraq transformasiyanın tempi əhəmiyyətli dərəcədə sürətləndirilməlidir. Eyni zamanda, bu keçid ədalətli və inklüziv olmalı, enerji xidmətlərinin əlçatanlığını, etibarlılığını və bərabər çıxışını təmin etməlidir.
Xüsusilə, texniki yardım layihəsi bir neçə ölkədə ilkin analitik işlərin aparılmasını və layihə portfellərinin formalaşdırılmasını, daha inkişaf etmiş və az inkişaf etmiş iqtisadiyyatlar arasında bilik və məlumat mübadiləsinin təşviqini, həmçinin regional əməkdaşlığın inkişafını nəzərdə tutur. AİB vurğulayıb ki, karbonsuzlaşdırılması çətin olan sahələr üçün regional və qlobal standartlar xüsusi əhəmiyyət daşıyır, əməkdaşlıq üzrə sazişlər isə səmərəli ticarət mexanizmlərinin formalaşmasına töhfə verə bilər.
Texniki yardım çərçivəsində kompleks dəstəyə sahə və ölkə üzrə qiymətləndirmələrin aparılması, yeni biznes modellərinin hazırlanması, ilkin texniki-iqtisadi əsaslandırmaların və digər texniki tədqiqatların hazırlanması, seminarların və siyasi dialoqların təşkili, karbonsuzlaşdırma texnologiyaları sahəsində institusional potensialın gücləndirilməsi, eləcə də AİB və digər inkişaf tərəfdaşları tərəfindən sonradan maliyyələşdirilməsi üçün pilot layihələrin və investisiya portfellərinin formalaşdırılması daxildir.
