Bakı. Trend:
Azərbaycan enerji sektorunda regional bir həlqə rolunu oynaya bilər.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən brifinqdə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
O qeyd edib ki, Azərbaycanın əla infrastruktura malik olması ölkəyə enerji resurslarından iqtisadiyyatını şaxələndirmək və iqtisadi artımı təmin etmək imkanı verir. “Buna görə də, Azərbaycanın inkişafı üçün müxtəlif imkanlar mövcuddur. Məsələn, turizm sektoruna baxaq: ölkəyə gələn qonaqların sayı, xizək kurortları və infrastruktur, Bakının tarixi irsi – bunlar yalnız bir nümunədir”, - deyə o bildirib.
Çoksi Azərbaycanın strateji coğrafi mövqeyinə də diqqət çəkib.
“Şərqlə Qərbi birləşdirən mövqeyi Avropanın enerji ehtiyaclarını, nəqliyyat marşrutlarını, logistikasını, istehsalını və şimal-cənub əlaqələrini dəstəkləyir. Azərbaycan enerji mərkəzi kimi xidmət edə bilər, xüsusilə də region inkişaf etdikcə. Ölkə sərhədlərindən kənarda bir sıra bazarlara çıxış imkanı yaradan strateji mövqedədir”, - deyə o əlavə edib.
