Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 431,7 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 51,6 milyon ABŞ dolları və ya 10,7% azdır.
Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 268,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,9 milyon ABŞ dolları və ya 13% azdır.
Hesabat ayında Azərbaycandan Türkiyəyə ixrac əməliyyatlarının 19,5 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu məhsul üzrə ixracın həcmi isə 41,8 min tona bərabər olub. Ötən ilin yanvar ayındakı göstərici ilə müqayisədə sözügedən məhsulların Türkiyəyə ixracı dəyər ifadəsində 15,3 milyon ABŞ dolları və ya 4,6 dəfə, həcm baxımından isə 33,1 min ton və yaxud 4,8 dəfə artıb.
Bundan başqa, hesabat ayı ərzində Azərbaycandan Türkiyəyə ixrac əməliyyatlarının 31,4 milyon dollarını qeyri-neft məhsulları təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 15,3% azdır. Türkiyəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi qeyri-neft ixracına nisbətən 11,72% paya malik olub. Bununla da hesabat ayında Türkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr siyahısında 4-cü pillədə qərarlaşıb.
Hesabat dövründə Türkiyədən Azərbaycana isə 163,6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 6,6% azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.
