...

Azərbaycanla İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların artırılması üzrə yol xəritəsi hazırlanacaq

İqtisadiyyat Materials 24 Fevral 2026 16:44 (UTC +04:00)
Azərbaycanla İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların artırılması üzrə yol xəritəsi hazırlanacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Baki. Trend:

Azərbaycanla İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların artırılması üzrə yol xəritəsi hazırlanacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələlərini müzakirə etdik. Bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə etdik. Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq Azərbaycana səfər edib.

Nazir səfər çərçivəsində 23 və 24 fevralda Bakıda keçirilən Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında iştirak edib.

İclasda iki ölkə arasında birgə layihələr, avtomobil yolu və dəmir yolu nəqliyyatı və yükdaşıma, enerji, ticarət və sair əməkdaşlıq sahələrində danışıqlar aparılıb. Eyni zamanda Azərbaycala İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 17-ci iclasının yekununa dair əməkdaşlıq memorandumu imzalanıb.

Əlavə edək ki, iki ölkə arasında ticarət əlaqələri də yüksələn xətlə inkişaf edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 57,132 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 2,1% çoxdur. Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub.

Bu ilin yanvar ayında Azərbaycandan İrana 960 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2025-ci ilin eyni ayındakı göstərici ilə müqayisədə 349 min ABŞ dolları və ya 57,1% çoxdur. Hesabat ayında İrandan Azərbaycana isə 56,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 830 min ABŞ dolları və ya 1,5% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti