Azərbaycan, Bakı, 11 yanvar/ Trend , müxbir A.Bədəlova/ 2007-ci ildə Azərbaycanda özəl sektorun inkişafı üçün dövlət büdcəsindən 80 mln. manat ayrılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə günü yayılan məlumatında bildirilir. Bu vəsaitin 6 mln. manat həcmində olan hissəsi Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına yönəldilib.
Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi 27 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı tərəfindən həyata keçirilib.
2007-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına, müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 56 şəhər və rayonu üzrə 882 sahibkarlıq subyektinə 90,7 milyon manat güzəştli kredit verilib. Bu məbləğin 17 mln. manatını Fondun xəzinə hesabına qaytarılan vəsaitlər təşkil edir.
Ayrılmış kreditlər sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli - fermer təsərrüfatlarının, turizm infrastukturunun, xidmət və kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Maliyyələşdirilmiş layihələrin 77%-i regionların payına düşür.
2007-ci ildə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində, 15,5 mindən çox yeni iş yerinin yaradılacağı gözlənilir.