Azərbaycan, Gəncə, 22 sentyabr/ Trend , müxbir V.Məmmədov/ "Azərbaycanın Qarant Sigorta sığorta şirkəti 2009 - cu ildə Nizamnamə kapitalını iki dəfə artırmağa və onu 8 mln. manatadək çatdırmağa çalışır", - Qarant Sigorta-nın Gəncədə ilk filialının açılışında iştirak edən Şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov bazar ertəsi bildirib.
Qarant Sigorta 2007- ci ilin noyarından fəaliyyət göstərir. Həsənovun sözlərinə görə, ilin əvvəlində şirkətin kapitalı 1 mln. manat olub və bir ay əvvəl 4 mln. manatadək çatdırılıb.
"Bu gün şirkət kapitallaşma səviyyəsinə görə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin beşliyinə daxil olur", - Qarant Sigorta-nın rəhbəri bildirib.
Şirkətin kapitallaşmanın artırılmasına dair planları filial şəbəkəsinin genişlənməsi, sığorta bazarında əməliyyatların sayının çoxalması ilə əlaqədar risklərin artması ilə bağlıdır. Şirkətin 2008 - ci ildə sığorta haqlarının yığılması üzrə proqnozları 5 mln. manat səviyyəsində olsa da, Qarant Sigorta ötən doqquz ay ərzində 4 mln. manat vəsait toplayıb. İdarə Heyətinin sədri bununla əlaqədar, ilin sonuna sığorta haqqları portfelinin 6 mln. manatadək artacağını gözləyir.
Şirkət, regionlara üstünlük verməklə, ilin sonunadək filiallarının sayını genişləndirmək niyyətindədir. Belə ki, oktyabrda Bərdədə ikinci filialın, ilin sonunadək Quba və Sumqayıtda filialların açılacağı gözlənilir.
Həsənov "Avrasiya" Fodu ilə ölkənin regionlarında maarifləndirmə işlərinin aparılması planlarından da danışıb.
"Sığorta sahəsində biliklərin artırılması üçün əhalidə sığortaya olan marağı artırmaq məqsədilə seminarlar təşkil ediləcək", - o qeyd edib.
Qarant Sigorta-nın fəaliyyətinin fərqli xüsusiyyəti, şirkətin öz işində korporativ deyil, fərdi müştərilərə üstünlük verməsindən ibarətdir.
Sentyabrın 22 - nə olan cari mübadilə məzənnəsi - 0,8111 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]