Avropa enerji əməkdaşlığı üzrə yeni təşəbbüsləri müzakirə etməyə hazırdır, lakin mövcud enerji təhlükəsizliyi sistemlərinin səmərəliliyini sual altında qoymayacaq. Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Xabarovskda Rusiya-Aİ sammitinin yekunu üzrə keçirilən mətbuat konfransında bildirib. Xəbəri RİA Novosti yayıb.
"Biz Rusiya tərəfinin təklifini müzkirə etməyə hazırıq, biz mövcud çərçivələrin necə yaxşılaşdırılması üzrə müzakirələrə açığıq, lakin artıq mövcud olan sazişləri də kənara atmamalıyıq",- deyə cümə günü Xabarovskda Rusiya-Aİ sammitinin yekunu üzrə keçirilən mətbuat konfransında Barrozu bildirib.
"Biz bu sazişləri dəstəkləyirik, təkliflərin müzakirəsi üçün açığıq, lakin mövcud sistemləri sual və şübhə altına qoymadan mövcud sazişlərə daha çox əsaslanmaq lazımdır", - deyə o bildirib.
Rusiya Prezidenti Dmitri Medvedyev eyni mətbuat konfransında Rusiyanın enerji təhlükəsizliyi üzrə yeni sazişlərin hazırlanmasına zərurətin olmasına dair mövqeyini təsdiq etmişdi. Çünki hazırda mövcud olan sazişlər, xüsusilə də Enerji Xartiyası səmərəliliyini itirib.