Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir N.İsmayılova /
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinə (SECO) ölkənin fond bazarı infrastrukturunun inkişafı üzrə yeni layihəni təqdim edib. Bu barədə cümə günü SECO-nun nümayəndəsi, milli proqramın rəhbəri Nailə Səfərova bildirib.
"Sentyabrın 17-də keçirilən görüşdə qiymətli kağızlar bazarının inkişafı üzrə 2006-cı ildən başlanmış layihənin reallaşdırılmasına baxılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib", - Səfərova deyib.
Komitədən verilən məlumata görə, göruşdə QKDK ilə SECO arasında yeni potensial əməkdaşlıq imkanları, o cümlədən qiymətli kağızların ticarəti infrastrukturunun modernləşdirilməsi və avtomatlaşdırılması, təlim mərkəzinin yaradılması və inkişaf etdirilməsi, həmçinin QKDK-nın potensialının gücləndirilməsi üzrə məsələlər müzakirə edilib.
2006-cı ildən Azərbaycanın qiymətli kağızlar bazarında həyata keçirilən "Dövlət qiymətli kağızlarının ilkin və təkrar bazarının inkişafı" layihəsi SECO-nun maliyyə dəstəyi ilə Beynəlxalq Valyuta Fondu, həmçinin ölkənin Maliyyə Nazirliyi və Mərkəzi Bankı tərəfindən reallaşdırılıb.
Qiymətli kağızlar bazarının inkişafı üzrə layihə üç il olmaqla 2006-2008-ci illərə hesablanıb. Layihənin ümumi büdcəsi 1 917 384 dollar təşkil edir. Layihənin əsas məqsədi qiymətli kağızlar bazarının təkmilləşdirilməsi üzrə texniki dəstək göstərilməsi, müvafiq hüquq çərçivələrinin yaradılması üzrə konsultativ köməyin göstərilməsi, Mərkəzi Banka pul siyasətinə rəhbərlik üzrə şərait və imkanın yaradılmasıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]