Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "donuz qripi"nə qarşı pulsuz 300 milyon dozada vaksin ayırdığı 90 ölkənin siyahısına daxil olub. Bu barədə çərşənbə axşamı Səhiyyə Nazirliyindən məlumat verilib.
"Vaksinlərin ilk hissəsi ölkəyə noyabrda gətiriləcək", - məlumatda deyilir.
ÜST-nin son məlumatlarına müvafiq olaraq, ümumilikdə dünyada 415 minə yaxın "donuz qripi"nə yoluxma faktı aşkarlanıb. Həmçinin bu qripdən 5 min ölüm halı qeydə alınıb.
A/H1N1 virusuna ən çox Amerika qitəsi ölkələrində rast gəlinir. Ümumi yoluxma sayının 2,3 faizi bu ölkələrin payına düşür. Avropa ölkələrində bu ərazidə yoluxan 63 min nəfərdən 261 nəfər və ya 0,4 faiz dünyasını dəyişib.
Azərbaycanda da 2 "donuz qripi"nə yoluxma faktı qeydə alınıb. Bu xəstələr Fransa və İngiltərədən gəliblər. Hər iki yoluxmuş şəxs tamamilə sağalıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]