...

Azərbaycan ən sürətlə inkişaf edən, sabit, dünyada öz rolunu oynayan ölkədir – Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2010 01:00 (UTC +04:00)
Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu oynayan ölkədir, öz prinsipial mövqeyindən çəkilən ölkə deyil. Belə olan halda biz daim uğurlar qazanacağıq və Azərbaycanı inamla irəliyə aparacağıq, bunu cümə günü Prezident İlham Əliyev Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Azərbaycan ən sürətlə inkişaf edən, sabit, dünyada öz rolunu oynayan ölkədir – Prezident İlham Əliyev

Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu oynayan ölkədir, öz prinsipial mövqeyindən çəkilən ölkə deyil. Belə olan halda biz daim uğurlar qazanacağıq və Azərbaycanı inamla irəliyə aparacağıq, bunu cümə günü Prezident İlham Əliyev  Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

"Uğurlarımızın təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki, Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir" İlham Əliyev deyib, məlumatı cümə günü AzərTAc dövlət agentliyi yayıb.

Prezident deyib ki, Azərbaycan dövləti nə istədiyini dəqiq bilir.

"Biz istəyirik ki, ölkəmizi gücləndirək, müstəqilliyimizi, öz iqtisadi azadlığımızı və müstəqilliyimizi daha da gücləndirək. Baxmayaraq ki, bu gün artıq biz tam şəkildə iqtisadi müstəqilliyə nail olmuşuq. Bu iqtisadi müstəqillik, eyni zamanda, bizə müstəqil siyasət aparmaq üçün şərait yaradır. Əgər biz asılı vəziyyətdə olsaydıq, onda bütün bu görülən işləri istədiyimiz qədər görə bilməzdik.

Ölkəmizin gücləndirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların Azərbaycanda tətbiqi, Azərbaycanın bütün sahələrində müasirləşmə meyillərinin gücləndirilməsi, sahibkarlara əlavə dəstəyin verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, bütün infrastruktur, sənaye və sosial infrastruktur layihələrinin icra edilməsi, - qısa desək, əsas istiqamətlər demək olar ki, bundan ibarətdir. Biz elə etməliyik ki, dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, yerli sahibkarlar və vətəndaşlar yerlərdə bu məqsədə doğru planlı şəkildə, birlikdə addımlasınlar. Hər bir rayon üzrə nəzərdə tutulmuş proqramlar icra edilməlidir. Yenə də deyirəm ki, maliyyə resursları, siyasi iradə, proqramlar, nizam-intizam, sabitlik və sahibkarlara dəstək vardır. Yəni, lazım olan bütün amillər Azərbaycanda mövcuddur" dövlət başçısı vurğulayıb.

İlham Əliyev bildirib ki, artıq bir ildir ki, ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət Proqramı icra edilir. Bu proqram 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti proqram da uğurla icra edilir.

"Proqramın uğurla icra edilməsində başlıca səbəb və başlıca şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi.

Bu bizə imkan verdi ki, bir neçə əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması, regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır" Prezident nitqində söyləyib.
 
Dövlət başçısının sözlərinə görə, əslində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün istiqamətləri əhatə edir. Bu gün Azərbaycanda elə bir sahə, elə bir istiqamət yoxdur ki, o istiqamətin inkişafı üçün dövlət proqramı olmasın. Nəinki proqram, eyni zamanda, proqramı icra etmək üçün maliyyə mənbələri və texniki imkanlar da səfərbər olub.

"Proqramın digər vacib vəzifəsi ondan ibarət idi ki, Azərbaycanda işsizliyin aradan qaldırılması üçün praktiki işlər görülsün. 2004-cü ildə qarşıya vəzifə qoyulmuşdur ki, beş il ərzində Azərbaycanda 600 min yeni iş yerləri açılmalıdır. O vaxt bu rəqəm bəzilərini çaşdırırdı və bəziləri hesab edirdi ki, bu, qeyri-real bir hədəfdir. Ancaq o rəqəm göydən düşməmişdir, o rəqəmin səslənməsində əsas məsələ ondan ibarət idi ki, düzgün hesablamalar aparılmışdır, bizim imkanlar təhlil edilmişdir və ölkəmizin perspektiv inkişaf planı haqqında da çox gözəl təsəvvür var idi. Beş il ərzində nəinki 600 min, 800 minə qədər yeni iş yerləri açılmışdır. Demək olar, bu gün Azərbaycanda işsizlik kimi böyük sosial problem, onun böyük hissəsi aradan qaldırılıb. Bunu biz hər bir bölgədə görürük. Eyni zamanda, bunu biz Azərbaycana son illərdə gələn xarici vətəndaşların sayının artmasında görürük" İlham Əliyev deyib.
 
Prezident hesab edir ki, bu gün Azərbaycan miqrasiya məsələlərini daha da ciddi şəkildə tənzimləməlidir.

"İlk növbədə ona görə ki, əmək bazarının tənzimlənməsi məsələləri yüksək səviyyədə həll olunsun, Azərbaycan vətəndaşlarının hüquqları daha da ciddi şəkildə qorunsun. Biz miqrasiyanı tənzimləməklə elə etməliyik ki, əlbəttə, xaricdən gələn vətəndaşlar üçün də yaxşı şərait yaradılsın. Ancaq, ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin olunsunlar.

İşsizliyin aradan qaldırılması həm böyük sosial problemin həlli deməkdir, eyni zamanda, işsizliyin aradan qaldırılması ancaq yeni müəssisələrin yaradılması, qeyri-neft sektorunun inkişafı hesabına baş verə bilər. Neft-qaz sektorunda yeni texnologiyalar tətbiq edilir və o sektorda iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz. Əsas vəzifə, əsas məqsəd ondan ibarət idi ki, qeyri-neft sektorunda, bölgələrdə sahibkarlığın inkişafına nail olaq. Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik. Bu o demək deyil ki, bütün vəzifələr öz həllini tapıbdır. Əgər belə olsaydı, onda ikinci Dövlət Proqramının qəbul edilməsinə ehtiyac olmazdı. Biz böyük işləri gördük, bərabər gördük. Bütün bölgələrdə sürətli inkişaf müşahidə olunurdu. Ancaq bununla bərabər, hələ ki, problemlər vardır və biz onları həll etməliyik. Biz bu problemləri bilirik." İlham Əliyev söyləyib.
 
Dövlət başçısı deyib ki, problemlərin həll edilməsi üçün konkret addımlar atılır. Dövlət Proqramının birinci ilinin yekunları çox ümidvericidir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox çətin, ağır il olmuşdur, sınaq ili olmuşdur.

"Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur. Yəni, dünyanın ən inkişaf etmiş ölkələrində olan bütün kriteriyalar Azərbaycanda da tətbiq edilməlidir. Bunu etmək üçün bizdə həm güclü iradə, həm proqram, həm maliyyə imkanlarımız, həm də ki, bütün cəmiyyətdə bu işlərə böyük dəstək vardır. Əgər bu dəstək olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq, biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar da artıq yəqin başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edirik. Belə olan halda, əlbəttə ki, nəticələr də olacaqdır. 2009-cu ildə əldə edilmiş uğurlar əlbəttə ki, bizi ruhlandırır, sevindirir, yeni addımlara sövq edir. 2009-cu ildə həm iqtisadi, həm siyasi sahədə müəyyən məsələlər ciddi reaksiya tələb edirdi. Ciddi, operativ, çevik siyasətin aparılmasını tələb edirdi. Mən çox şadam ki, biz hamımız - Azərbaycan bütün vəzifələri uğurla, ağılla, təmkinlə, vaxtında həll etdi və beləliklə, ölkəmizin milli maraqları tam şəkildə müdafiə olundu" Prezident vurğulayıb.
 
İlham Əliyevin sözlərinə görə, beynəlxalq maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür, qiymətləndirir və mükafatlandırırlar.
"2008-ci ildə Azərbaycan "Doing Business" Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdədir. Biz bütün MDB məkanında birinciyik. Bu da çox böyük nailiyyətdir. Bu, onu göstərir ki, biz qısa müddət ərzində Azərbaycan iqtisadiyyatını şaxələndirə bildik. Yəni neft-qaz üzərində qurulmuş iqtisadiyyat artıq rəqabət qabiliyyətliliyinə görə mükafatlar və yüksək qiymətlər alır. Bu, böyük nailiyyətdir. Bu, bizi sevindirir. Ona görə ki, biz bu bölgədə yenə də birinciliyi əldən vermirik və verməyəcəyik. Ona görə sevindirir ki, bu, ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Biz irəliyə baxmalıyıq: 50 ildən sonra nə olacaq?! Azərbaycanın enerji mənbələri artıq tükənməyə başlayandan sonra iqtisadiyyatımız nəyin hesabına inkişaf edəcək, biz hansı yollarla inkişaf edəcəyik?! Biz bu gün bu vacib infrastrukturu yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla, investisiyaları cəlb etməklə Azərbaycan haqqında dünyada real və müsbət rəy formalaşdırırıq" dövlət başçısı çıxışında qeyd edib.
 
Prezident bildirib ki, Azərbaycan xarici sərmayələr üçün çox məqbul bir yerdir.
"Bu imici biz, ilk növbədə, neft-qaz sahəsində görülən işlər hesabına qazana bilmişik. Artıq bütün başqa sahələrə də investisiya qoyuluşu geniş vüsət alıbdır. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması məhz o məqsədi güdürdü ki, bizim üçün lazım olan sahələrə xaricdən və yerli mənbələrdən, özəl sektor tərəfindən sərmayələr qoyulsun. Biz bu məqsədə çatmışıq.

Bu gün Dövlət İnvestisiya Şirkətinin xətti ilə Azərbaycanda reallaşan layihələr böyük əhəmiyyət daşıyır. Azərbaycanın daxilində, bölgədə həm infrastruktur, həm nəqliyyat, həm kənd təsərrüfatı və digər sahələrdə görülən işlər Azərbaycanı daha da gücləndirəcəkdir. Biz uzunmüddətli inkişaf perspektivlərimizi də bilirik. Ona görə ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək" İlham Əliyev deyib.
 
Prezident çıxışında Azərbaycanın regionda çox mühüm rol oynadığını vurğulayıb.
"Bu, reallıqdır, bu, həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz özü-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır. Bu gün ölkə daxilində problemlərimiz yoxdur. Çünki Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahədə vəziyyət çox müsbətdir, çox ürəkaçandır. Azərbaycanda azad yaşamaq, yaratmaq və işləmək üçün bütün şərait vardır. Biz nə qədər güclü olsaq, sözümüz də, beynəlxalq mövqelərimiz də o qədər güclü olacaqdır. Beynəlxalq mövqelərimiz gücləndikcə əlbəttə ki, bizi narahat edən bütün məsələlərdə biz istədiyimizə nail olacağıq. Bu illər ərzində əlbəttə ki, iqtisadi və sosial məsələlərin həllinə böyük diqqət göstərilmişdir. Ancaq ölkəmizin problemləri təkcə bunlarla bitmir" dövlət başçısı söyləyib.
 
İlham Əliyev deyib ki, ordu quruculuğunda böyük işlər görülüb və ordumuz müasirləşib.
"Hərbi sənaye yaradılıb və bu məqsədləri təmin etmək üçün böyük vəsait ayrılıb. Ən ağır şəraitdə yaşayan soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması üçün əməli tədbirlər görülür. Məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin problemləri mütəmadi qaydada öz həllini tapır. Bütün digər sosial məsələlər həll edilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bax, bu gün aşağıda nümayiş etdirilən kiçik sərgidə görülən işlərin, bəlkə bir faizi görünür. Hər bir sahədə, hər bir yerdə inkişaf, tərəqqi, yeni yanaşmalar olmalıdır. Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq etməliyik, ən yeni texnologiyaları həm dövlət, həm özəl sektorun xətti ilə Azərbaycana gətirməliyik ki, ölkəmiz bundan sonra uzun illər, əbədi, güclü, müasir ölkə kimi yaşasın. Bu məsələlər daim diqqət tələb edir. Bu gün görülən işlər bugünkü gün üçün əhəmiyyətlidir, amma 5 il keçəndən sonra bu işlər bəlkə artıq o dövrün standartlarına cavab verməyəcəkdir. Ona görə də biz daim axtarışda olmalıyıq, daim fəal olmalıyıq və bütün cəmiyyət bu işlərdə fəal çalışmalıdır. Bugünkü görüş daha çox sahibkarlığın və regionların inkişafı ilə bağlı olan məsələlərə həsr edilir. Azərbaycan dövləti bu sahədə də öz iradəsini göstərir. Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi, - bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir" Prezident bildirib.
 
İlham Əliyev vurğulayıb ki, əgər kənd təsərrüfatı inkişaf etməsə, onda emal sənayesinin əhəmiyyəti də, necə deyərlər, olmayacaqdır.
"Gərək məhsul olsun ki, o, emal edilsin, ondan sonra bazarlara çıxsın. Biz bazarlara çıxmaq üçün daha da ciddi addımlar atmalıyıq və sahibkarları bu işdə də ciddi dəstəkləməliyik. Azərbaycan dövlətinin beynəlxalq imkanlarını nəzərə alaraq biz gərək onlara dəstək verək ki, sahibkarlıq Azərbaycanda sürətlə inkişaf etsin. Yenə də deyirəm ki, biz inkişaf etmiş ölkələrin də müsbət təcrübəsini götürməliyik. O ölkələrin iqtisadiyyatının əsas hissəsini təşkil edən kiçik və orta sahibkarlıqdır. Biz də bu yolu getməliyik. Biz də elə etməliyik ki, kiçik və orta sahibkarlıq nə vaxtsa Azərbaycan iqtisadiyyatının əsasını təşkil etsin. Bu gün bu, belə deyildir və əlbəttə ki, bunu bu gün gözləmək sadəlövhlük olar. Çünki bizim böyük neft-qaz hasilatımız vardır. Biz sahibkarlığı nə qədər inkişaf etdirsək də, yenə də sahibkarlıqda yaranan məhsul, milli gəlir ona, neft-qaz sektoruna çatmaz. Amma bunu etməliyik, bütün şəraiti yaratmaqla, xarici bazarlara çıxmaqla, eyni zamanda, xaricə investisiyalar qoymaqla biz buna nail olmalıyıq. Azərbaycan bazarı, - yəni əgər biz böyük ölkələrlə özümüzü müqayisə etsək, - kifayət qədər məhdud bazardır. Baxmayaraq ki, əhalimizin sayı artır, biz artıq 9 milyonuq, yenə də bu, reallıqdır, bu, məhdud bazardır. Bu gün bu bazarın böyük hissəsini, - hər halda mən ərzaq məhsullarını nəzərdə tuturam, - biz özümüz təmin edirik, özü də qısa müddət ərzində. Bütün əvvəlki illərdə əsas ərzaq məhsulları Azərbaycana gətirilirdi. Bu gün, - bu rəqəmləri mən sonra deyəcəyəm, - biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik. İki-üç ildən sonra demək olar ki, 100 faiz təmin etməliyik. Ondan sonra nə olacaq? Biz yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var və o, böyük bazarlardır. Bizim beynəlxalq və xarici siyasətimiz o bazarları bizim üçün açıb. Ancaq biz yeni bazarlar axtarmalıyıq. Biz keyfiyyətli məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına çıxmalıyıq. Bunu etmək üçün əlbəttə ki, müasirləşmə, texnoloji yeniləşmə getməlidir. Bizim kənd təsərrüfatına aid olan ən mədəni formada istehsalımız yaradılmalıdır. Çox işlər görülüb. Ancaq hələ çox işlər görülməlidir ki, bizim bütün imkanlarımız tam şəkildə səfərbər olunsun. Bu gün biz imkanlarımızın böyük hissəsini artıq işə sala bilmişik, amma buna hələ 100 faiz çatmamışıq. Biz bu istiqamətdə əlavə tədbirlər görməliyik" Prezident deyib.
.
Dövlət başçısının sözlərinə görə, bütün planlar sistemli xarakter daşıyır.
"Biz hər istiqamətdə olduğu kimi, iqtisadi siyasətdə də öz fəaliyyətimizi proqram, plan, cədvəl, konkret müddəalar, maliyyə mənbələri, dövlət büdcəsinin, özəl sektorun, xarici sərmayədarların mənbələri üzərində cəm şəkildə qururuq. Xarici kreditlər, onlar da çox vacib rol oynayır, inkişafımızı təmin edir. Bu, artıq vardır. Əsas vəzifə proqramda nəzərdə tutulmuş bütün vəzifələri vaxtında və böyük keyfiyyətlə icra etməkdir. Ancaq yenə də deyirəm ki, bu, ölkəmiz qarşısında duran əsas sosial və iqtisadi məsələlərin həlli üçün kifayət edəcəkdir. Vəzifə qoyulub ki, ikinci Dövlət Proqramının icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapsın. Ancaq biz bundan da qabağa baxmalıyıq ki, ondan sonra Azərbaycan iqtisadiyyatı hansı meyillərlə inkişaf edəcəkdir?! Biz bu barədə əlbəttə ki, düşünürük və dövlət qurumları bunun üzərində işləyirlər, sahibkarlar da bu işlərə qoşulmalıdırlar. Azərbaycanda sahibkarlar artıq cəmiyyətimizin güclü bir hissəsi kimi formalaşır. Çox sevindirici haldır ki, bizim sahibkarlarda yeniliyə meyil güclənir. Onlar çalışırlar ki, ən gözəl şərait olsun, ən gözəl texnologiyalar gətirilsin. Azərbaycanda son illər ərzində istehsal olunan məhsullar yüksək standartlara cavab verir" İlham Əliyev çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti