Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Ü.İsmayılova/
2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafı üzrə Dövlət Proqramının reallaşması çərçivəsində ölkənin turizm sahəsinin təkmilləşdirilməsi üzrə böyük potensialı nəzərə alaraq, mühüm işlərin həyata keçirilməsi planlaşdırılır. Bunu çərşənbə axşamı respublikanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da 2010-2014-cü illərdə respublikada turizmin inkişafı üzrə Dövlət Proqramı haqqında sərəncam imzalayıb.
"Demək olmaz ki, biz Azərbaycanda turizm sahəsinin bugünkü vəziyyətindən narazıyıq, lakin hələ bəzi istiqamətlər var ki, onları inkişaf etdirmək lazımdır", - nazir bildirib.
Qarayevin sözlərinə görə, Azərbaycanın turizm bazarı açıqdır və bütün maneələrdən uzaqdır.
"Hər il Azərbaycanda 25-dən 50-dək otel və mehmanxana tikilir. Bu gün 50 mehmanxananın inşası davam edir. Azərbaycanda turizm obyektlərinin sayı üç dəfə artıb", - nazir vurğulayıb.
2001-02-ci illərdən başlayaraq, Azərbaycanda turizmin inkişafı sahəsinə ciddi maraq oyanıb. "Əgər həmin dövrdə ölkədə cəmi 32 turizm şirkəti fəaliyyət göstərirdisə, bu gün onların sayı 123-ə kimi artıb.
Bu gün ölkədə mehmanxana biznesinin aparılması üçün 300-ə yaxın lisenziya verilib, daha 20 analoji müraciət baxılır. Bundan əvvəl 50 müraciət tələblərə cavab vermədiyindən, qəbul olunmayıb.
Onun sözlərinə görə, 2010-cu ildə ölkədə Azərbaycan Turizm İnstitutunun ilk 300 məzunu olacaq. Onların hər biri artıq öz iş yerini müəyyən edib.
"Azərbaycanda turizm sahəsində peşəkar kadrların olması Dövlət Proqramının reallaşması çərçivəsində prioritetlərdən biridir", - nazir bildirib.
2010-2014-cü illərdə respublikada turizmin inkişafı üzrə Dövlət Proqramının reallaşması çərçivəsində nazirlik yanında işçi qrupu yaradılıb və qrup "Turizm haqqında" qanun layihəsinin ilkin variantını hazırlayıb. "Belə ki, Dövlət Proqramının bəndlərinin mövcud qanunla reallaşması çətindir", - nazir belə hesab edir. Yaxın vaxtlarda qanun layihəsi ölkə Parlamentinə təqdim olunacaq.
"Biz çalışacağıq ki, bu il qanun layihəsi gündəlikdə olsun və gələn ildən qüvvəyə minsin", - nazir deyib.