...

Azərbaycan Prezidentinin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə dair iclas keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 19:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə noyabrın 4-də Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunan iclas keçirilib.
Azərbaycan Prezidentinin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə dair iclas keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə noyabrın 4-də Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunan iclas keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı üçün mühüm layihələrin həyata keçirildiyini və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini bildirib. Hazırda ən müasir körpülərin və yol ötürücülərinin tikildiyini, yeni yolların istifadəyə verildiyini bildirən Prezident İlham Əliyev deyib ki, nəqliyyat sektoru həm paytaxtda, həm də regionlarda uğurla inkişaf edir. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsaitin yol infrastrukturunun inkişafı üçün ayrıldığını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu işlər əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədini daşıyır. Bakının yol infrastrukturunun müasirləşməsi, tıxacların aradan qaldırılması istiqamətində görülən mühüm işlərdən danışan dövlətimizin başçısı metropolitenin nəqliyyat növü kimi böyük əhəmiyyət daşıdığını qeyd edib.

Metronun şəhər nəqliyyatının mühüm hissəsini təşkil etdiyini deyən Prezident İlham Əliyev bu nəqliyyat növünün ödəniş haqlarının aşağı səviyyədə saxlanılmasının sosial məsələlərin həllinə də töhfə olduğunu söyləyib.

İclasda "Azərtunelmetrotikinti" ASC-nin sədri Şaiq Əfəndiyev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxış ediblər.

Sonra Bakı şəhərində metropoliten şəbəkəsinin prioritet istiqamətləri və bu sahədə həyata keçiriləcək işlərlə bağlı konkret məsələlər ətrafında müzakirələr aparılıb.

Prezident İlham Əliyevə Bakı Metropoliteninin inkişaf planının sxemləri və təklif olunan metro xətlərinin istiqamətləri barədə məlumat verilib.

Dövlətimizin başçısı metropolitenin inkişaf planının ayrı-ayrı mərhələlər əsasında prioritetləri müəyyənləşdirilməklə həyata keçirilməsinin vacibliyini bildirib, bu istiqamətdə görüləcək işlərlə bağlı müvafiq tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti