Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Ü.İsmayılova/
2010-cu ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Azərbaycan Prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 sərəncamı icra olunub. Bu barədə çərşənbə günü DSMF-nin yaydığı məlumatda deyilir.
Belə ki, "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncama əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun artım tətbiq edilib, 2010-cu il yanvarın 1-dən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb, Prezidentin 22 aprel 2010-cu il tarixli sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına 500 manat, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat birdəfəlik maddi yardım edilib, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncamla 1 sentyabr 2010-cu il tarixdən əmək pensiyalarının baza hissəsi 13,3 faiz artırılaraq 75 manatdan 85 manata qaldırılıb.
İl ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub.
Qarşıdan gələn 2011-ci il ərzində də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasəti davam etdiriləcək. Növbəti ildə əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2 faizi səviyyəsində və ya 1916,98 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulmuş proqnozu 2010-cu ilə nisbətən 200,0 mln. manat və ya 11,7 faiz çoxdur. 2011-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 faiz və ya 189,9 mln. manat çoxdur. Əmək pensiyalarının baza hissəsi üzrə xərclərin proqnozu əlavələrlə birgə 1317,13 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 12,8 faiz və ya 149,6 mln. manat çoxdur. Pensiyanın sığorta hissəsinin əmək pensiyalarının ödənişi xərclərində xüsusi çəkisi 2011-ci ildə 29 faiz təşkil edəcək.
2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilin təsdiq olunmuş proqnozuna nisbətən 18,7 faiz və 10,2 mln. manat çoxdur.
Qarşıdan gələn ildə "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahat tədbirləri davam etdiriləcək.