Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir N.İsmayılova/
2010-cu ildə Azərbaycanda qeyri-neft sənayesinin 6,2 faiz artımına nail olunub, il ərzində 60 sənaye müəssisəsi istismara verilib və bu günə 80 müəssisənin tikintisi davam etdirilir. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Televiziyasına (AzTV) müsahibəsində deyib.
"Məsələn, ölkə quş ətinin idxalından 25 faiz asılı idi, lakin ölkədə bu asılılığın azalması üçün imkanlar var. Artıq bu günə ölkədə 12 quşçuluq müəssisəsinin yaradılması güzəştli şərtlərlə maliyyələşdirilir, onlardan üçü artıq istismara verilib", - nazir bildirib.
Ölkədə 25 soyuducu-anbar kompleksinin tikintisinə də başlanılıb, onların çox hissəsi artıq istismara verilib, 17 taxıl anbarından 13-ü istismar olunur.
"2010-cu ilin başlıca nailiyyətlərdən bir qeyri-neft ixracının 16 faizdən çox artmasıdır", - Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, ölkədə altı böyük heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Onları özəl sektor hökumətin daimi nəzarəti altında tikir.
"Xarici investorun iştirakı ilə Ağdam, Ağstafa, Kürdəmir, Ağdaş, Salyan və Ağcəbədidə yerləşən komplekslər tikilir. Onların hamısı beynəlxalq standartlara cavab verir", - nazir bildirib.