...

Azərbaycan və Litvanın vergi administrasiyaları arasında əməkdaşlıq haqqında saziş imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2011 14:28 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi və Litvanın Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında cümə axşamı Bakıda texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycan və Litvanın vergi administrasiyaları arasında əməkdaşlıq  haqqında saziş imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın Vergilər Nazirliyi və Litvanın Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında cümə axşamı Bakıda texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Litva tərəfdən Dövlət Vergi Müfəttişliyinin rəhbəri Modestas Kaseliauskas imzalayıb.

İki ölkənin vergi administrasiyaları arasında əməkdaşlıq haqqında sazişin imzalanması Azərbaycanla Litva arasında vergilər sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Saziş Azərbaycan-Litva hökumətlərarası komissiyasının fəaliyyətinin səmərəliliyini artırır, eləcə də vergi sahəsində beynəlxalq münasibətlərin inkişafında mühüm rol oynayır.

Aİ üzvü olan Litva ilə geniş təcrübə mübadiləsinin aparılması Azərbaycanın vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi baxımından xüsusilə vacib hesab edilir. Sazişin imzalanması iki ölkənin vergi orqanları arasında vergidən yayınma üzrə beynəlxalq faktlarla mübarizə sahəsində əməkdaşlığın fəallaşdırılmasına xidmət edir.

Kaseliauskasın səfərində əsas məqsəd iki ölkə arasında vergiqoyma, qarşılıqlı təcrübə mübadiləsi sahəsində iki ölkənin vergi administrasiyaları arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsidir.

İkitərəfli görüşlər zamanı vergi administrasiyalarının rəhbərləri gələcək əməkdaşlığın inkişafı istiqamətlərini, hüquqi bazanın genişləndirilməsini, vergi sahəsində əməkdaşlığın aktivləşdrilməsini müzakirə ediblər.

Qonaqlar xüsusi rejimli vergi xidməti departamentinin fəaliyyəti, "bir pəncərə" sistemi və Vergilər Nazirliyi yanında telefon məlumat xidməti ilə tanış olublar.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yekunları üzrə iki ölkə arasında mal dövriyyəsinin həcmi 28 milyon dolları ötüb. Litvadan Azərbaycana idxal 26 milyon dollardan çox, Azərbaycandan bu ölkəyə ixrac isə 2 milyon dollardan artıq təşkil edib.

Xəbər lenti

Xəbər lenti