Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Axundov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin 2025-ci ilədək fəaliyyətinin uzunmüddətli strategiyasını hazırlayır. Bu barədə cümə günü jurnalistlərə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
"Artıq strategiyanın ilkin variantı hazırdır, lakin o hazırlanıb tamamlanması üçün geri qaytarılıb", - Qasımov deyib.
Onun sözlərinə görə, əsas məsələ belə uzun müddətə dəqiq proqnozlaşdırmanın çətinliyidir.
"Lakin strategiyanın bu il qəbul edilməsini düşünürük", - Qasımov qeyd edib.
Onun sözlərinə görə, strategiya ARDNŞ-nin bütün fəaliyyət istiqamətlərini əhatə edəcək.
ARDNŞ Azərbaycanın Dövlət Neft Şirkətidir. 2010-cu ildə ARDNŞ neft-qaz çıxarma müəssisələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil edilib.
ARDNŞ xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrdə iştirak edir. ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir.
ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ-ə malikdir), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.