Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir A.Axundov /
Azərbaycan ölkənin Dövlət Neft Fondunun ehtiyatlarından səmərəli istifadə edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın Hesablama Palatasının sədri Sergey Stepaşin Bakıda Azərbaycanın Hesablama Palatasının on illiyinə həsr olunmuş tədbirdə bildirib.
"Azərbaycanın neft gəlirlərindən istifadəsi bir çox ölkələr üçün nümunə ola bilər", - Stepaşin deyib.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və indiki anda onun aktivləri 271 milyon dollar təşkil edir. 2011-ci il yanvarın birinə ARDNF-nin aktivləri 22,8 milyard dollar təşkil edir. Fondun cari aktivləri isə artıq 32 milyard dollar səviyyəsindədir.
ARDNF-nin Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm infrastruktur sahələrin, eləcə də ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda irriqasiya, nəqliyyat sahəsində bir sıra mühüm layihələr maliyyələşdirilir.
Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.