...

Azərbaycanda sosial problemlərin həllinə kompleks yanaşmaq lazımdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2011 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir A.Axundov/

Əhalinin sosial problemlərinin həllinə kompleks yanaşmaq lazımdır. Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov şənbə günü Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış bir qrup vətəndaşlarla görüşündə bildirib.

"Təkcə sosial müavinətlərə əlavələr etməklə əlilin problemini həll etmək olmaz, onu və ailə üzvlərini layiqli işlə təmin etmək və sosial problemlərin həllinə kömək edəcək başqa tədbirlərin də görülməsi lazımdır. Daha doğrusu, kompleks yanaşmaq lazımdır", - Ələkbərov deyib.

Onun sözlərinə görə, belə görüşlər paytaxtda və rayonlarda müntəzəm olaraq keçirilir və nazirliyin işinin bir hissəsidir.

"Hətta vətəndaşların müraciətləri nazirliyin səlahiyyətində olmayan məsələlərə aid olsa belə, biz həmin problemlərin həllinə kömək etməyə çalışırıq. Əhalinin bütün sosial problemləri həll olunmalıdır", - nazir deyib.

Nazirin qəbul etdiyi vətəndaşların şikayətləri, ilk növbədə, əlil qruplarının müəyyən olunması və sosial müavinətlərin ayrılması, məşğulluq, əmək qanunvericiliyinin pozulması, mənzil alınması məsələlərinə aid olub.

"Son vaxtlar iş tapmaq və cəmiyyətin fəal üzvü olmaq istəyən vətəndaşların müraciətlərinin sayının artması sevindirici haldır", - Ələkbərov deyib.

Nazirlik yanındakı Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərovun sözlərinə görə, ilin ilk doqquz ayı ərzində işdən çıxarılarkən əmək qanunvericiliyi pozuntusunun qeydə alındığı 119 nəfər iş yerlərinə bərpa edilib.

Görüş zamanı nazir İkinci Dünya müharibəsi veteranına minik maşınının açarlarını təqdim edib.

Xəbər lenti

Xəbər lenti