...

Ümumdünya Turizm Təşkilatı turizm statistikasının təkmilləşdirilməsində Azərbaycana kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/

Ümumdünya Turizm Təşkilatı (ÜTT) turizm sektorunda statistikanın aparılmasının təkmilləşdirilməsində Azərbaycana kömək edəcək. Bu barədə çərşənbə axşamı Azərbaycanda "Turizm statistikası sahəsində biliklərin səviyyəsinin artırılması proqramı" çərçivəsində birinci seminarda Mədəniyyət və Turizm Nazirliyinin turizm sekrorunun rəhbəri Aydın İsmiyev deyib.

"Müvafiq memorandum bu ilin martında Madriddə nazirliklə ÜTT arasında imzalanıb. Proqram 2011-2012-ci illərdə Azərbaycanda üç belə seminarın keçirilməsini təklif edir", - İsmiyev bildirib.

Onun sözlərinə görə, bu gün bir çox ölkələr turizm statistikası sahəsində problemlərlə üzləşirlər.

"Bu, bizim ümumi problemimizdir. Bu məsələ, xüsusilə, possovet məkanı ölkələrində aktualdır", - İsmiyev deyib.

ÜTT-nin Avropa üzrə regional direktoru Kordula Volmuterin sözlərinə görə, belə görüşlərin keçirilməsi ÜTT üçün böyük əhəmiyyət kəsb edir.

"Üzv ölkələrdən [ÜTT-yə 155 ölkə daxildir] daxil olan statistika nə qədər mükəmməl olarsa, gələcək proqnozları da bir o qədər asan tərtib edə bilərik", - xanım Volmuter deyib.

Onun sözlərinə görə, ÜTT Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə böyük birgə iş aparıb.

"Növbəti seminar 2012-ci ildə keçiriləcək", - Volmuter bildirib.

Seminarda Azərbaycan, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Tacikistan, Ukrayna, Özbəkistan və digər ölkələrin turizm təşkilatlarının, mərkəzi banklarının və statistika orqanlarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti