...

Azərbaycanda lisenziya alınması üzrə məlumatlara çıxış sadələşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2011 17:28 (UTC +04:00)
Azərbaycan hökuməti sahibkarlığın inkişafı, sahibkarlıq mühitinin gələcək inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə böyük diqqət ayırır.
Azərbaycanda lisenziya alınması üzrə məlumatlara çıxış sadələşdiriləcək

Аzərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan hökuməti sahibkarlığın inkişafı, sahibkarlıq mühitinin gələcək inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə böyük diqqət ayırır. O cümlədən, lisenziya və icazə sisteminin təkmilləşdirilməsinə də xüsusi diqqət ayrılır. Prezident İlham Əliyevin imzaladığı "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanın icrası məqsədilə ölkədə görülən tədbirlər haqqında Trend-ə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov danışıb.

- Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də sahibkarlıqdır. Bəs, bu sahənin inkişafı üçün son zamanlarda hansı tədbirlər görülür?

- Ölkədə sahibkarlığın inkişafı, yerli və xarici investisiyaların, müasir texnologiyaların tətbiq edilməsi, yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində tədbirlər sistemli və ardıcıl olaraq davam etdirilir. Bu sahədə biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabətin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi və s. tədbirlərlə yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısının müvafiq fərmanları ilə sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi, vergi yükünün azaldılması və vergi prosedurlarının sadələşdirilməsi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları prosedurlarının sadələşdirilməsi, yoxlamaların vahid məlumat reyestrinin yaradılması və s. özəl sektorun inkişafını daha da sürətləndirən mühüm addımlardır.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, ölkədə bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif dövlət orqanlarından icazəverici sənədlərin alınması nəzərdə tutulur. İqtisadi inkişafın yeni mərhələsinin tələbi kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sisteminə çıxış imkanlarının müasirləşdirilməsi bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi zərurətini yaradıb. Bildiyiniz kimi, Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına və "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökümət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"nın tələblərinə uyğun olaraq, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi tapşırılıb və bu sahədə işlərin görülməsinə artıq başlanıb.

Azərbaycan Prezidentinin "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanı bu istiqamətdəki tədbirlərin davamı olmaqla, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha bir təzahürüdür.

- Xüsusi razılıq (lisenziya) və icazə sisteminin təkmilləşdirilməsi zərurəti hansı səbəblərdən irəli gəlir?

- Ölkədə sahibkarlığın inkişafına, daha əlverişli biznes mühitini formalaşdırmağa xidmət edən vahid xüsusi razılıq (lisenziya) və icazə sisteminin yaradılması məsələsinə konseptual yanaşma bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi zərurətini gündəmə gətirib. Bu səbəbdən də fərmanla üç ay müddətində "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin hazırlanması tapşırılıb.

Fərmana əsasən, həmçinin Azərbaycan Respublikasında lisenziya və icazələr tələb olunan fəaliyyət növlərinin, dövlət təhlükəsizliyinə təsir edən, məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutan, ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilən, həmin fəaliyyətin həyata keçirilməsində iştirak etməyən qeyri-məhdud sayda şəxslər üçün təhlükə doğuran, qeyri-məhdud sayda şəxsləri, o cümlədən onların əmlakını cəlb edən və həddən artıq gəlir əldə edilməsinə imkan yaradan və əlavə nəzarət tələb edən meyarların qanun layihəsində əks olunması tapşırılıb.

Hər bir sahədə olduğu kimi, bəzi sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsi üçün müvafiq icazəverici sənədin əldə edilməsi müəyyən prosedurlara uyğun aparılır. Bu baxımdan prosedurlar haqqında məlumatların asan əldə olunması həm biznes mühitinin daha da yaxşılaşdırılması, həm də bu sahədə şəffaflığın artırılması baxımından xüsusilə əhəmiyyətlidir. Bu məqsədlə, Azərbaycan Prezidentinin "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı (icazə növünün adı, hüquqi əsası, tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) əks etdirən internet portalının yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, portalda "sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri" xidmət bölməsi yaradılacaq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladığı sahibkarlıq sahəsinə aid olan qanunvericilik aktlarının layihələri portalda yerləşdiriləcək və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılması təmin ediləcək.

Portalda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən icazə növləri üzrə (hüquqi əsası, icazənin alınması üçün tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) istifadəsi sadə olan axtarış sisteminin yaradılması sorğulanan məlumatın çevik və asan tapılmasına imkan verəcək. Portalda xüsusi xidmət bölməsinin yaradılması sahibkarların bu sahədəki məlumatlılıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında onların birbaşa iştirakını mümkün edəcək. Digər tərəfdən isə, bu bölmə sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması prosesinin tam şəffaf aparılmasına imkan yaradacaq.

- İnternet portalının yaradılması sahibkarlara daha nə verəcək?

- Portalın yaradılması ilk növbədə informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların lisenziya və icazələr sahəsində məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsini təmin edəcək. Əlavə olaraq, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri, öz fəaliyyətini genişləndirmək, yeni sahələrdə çalışmaq istəyən sahibkarlar həmin fəaliyyətin növündən asılı olaraq tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları və sahibkarlıq sahəsində hazırlanan qanunvericilik aktlarının layihələri ilə bağlı məlumatları vahid mənbədən əldə edə biləcəklər. Bununla da sahibkarlar öz biznesinin planlaşmasında, risklərin azalmasında praktiki vasitə əldə edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin 27 oktyabrında imzaladığı "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanı bu sahədəki sistemli işlərin davamı olmaqla yanaşı, ölkədə sahibkarlığın inkişafında, biznes mühitinin daha da yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edəcək.

Xəbər lenti

Xəbər lenti