...

Azərbaycan bankı "DəmirBank" 2011-ci ili aktivlərinin beş faizlik artımı ilə başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2012 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend/

Azərbaycan bankı "DəmirBank" 2011-ci ildə öz maliyyə göstəricilərinin artırılmasına və fəaliyyətinin genişləndirilməsinə nail olub. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatında deyilir.

Bankın aktivləri il ərzində 5,1% artaraq, 357,6 mln. manat, müştərilərə verilən kreditlər 5,5% artaraq 259,8 mln. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 19,1% artaraq 102 mln. manat olub. Bankın nizamnamə kapitalı 21 mln. manat, məcmu kapitalı isə 50 mln. manat təşkil edir.

2011-ci ildə Bank kredit fəaliyyətini və kreditlərin çeşidini genişləndirib. İl ərzində müştərilərə "8 mart", "Neftçilər Günü", "Rabitəçilər Günü" və sair güzəştli kredit kampaniyaları təqdim edilib. DəmirBank istehlak və mikro / kiçik biznes kreditləşməsinə xüsusi diqqət ayırıb. Bank biznes kreditləri sahəsində beynəlxalq maliyyə təşkilatları ilə geniş əməkdaşlıq edir və il ərzində 54 mln. ABŞ dolları məbləğində vəsaitlərin cəlb edilməsi barədə müqavilələr imzalayıb. DəmirBank Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlığını davam etdirir.

DəmirBank 2011-ci ildə əmanətlər, plastik kartlar, pul köçürmələri və ödəmələr sahəsində uğurlu nəticələr əldə edib. İl ərzində Bankda əmanətlərin həcmi 19,1% artıb. Bank Azərbaycanda ilk dəfə Countdown beynəlxalq endirim kartlarını, Türkiyə lirəsi və BƏƏ dirhəmi ilə plastik kartlar təqdim edib. Bank "VISA kartları ilə HP noutbukları qazan!" uduş kampaniyasını keçirib, eləcə də "MasterCard-la alış-veriş et, UEFA Çempionlar Liqasının oyununu canlı izlə!" kampaniyasında iştirak edib.

2011-ci ildə pul köçürmələri üzrə DəmirBank "Mobil danışıq kartı hədiyyə" aksiyasını davam etdirib, həmçinin pul köçürmələri üzrə uduş kampaniyasını keçirib. Bankın saytında kommunal, rabitə, İnternet, kabel TV və sair xidmətlərin plastik kartla on-layn ödənişi üçün GoldenPay şirkəti ilə birgə BillPay on-layn ödəniş xidməti tətbiq edilib.

DəmirBank 2011-ci ildə Şəmkir şöbəsini istifadəyə verib. Müştərilərin rahatlığı üçün Xətai, Nərimanov, Binəqədi və Qusar filialları yeni ünvana köçürülüb. Bu və bir sıra digər filiallarda yeni "Korporativ interyer tərtibat" standartları tətbiq edilib. Bank hazırda daha 4 filialın yeni və rahat ofislərə köçürülməsi işlərini davam etdirir.

Bank üçün prioritet sahələrdən biri müştəri xidməti keyfiyyətinin artırılmasıdır. Bu sahədə il ərzində filial əməkdaşları üçün treninqlər təşkil edilib, "Gizli müştəri" araşdırmaları və bir çox digər işlər həyata keçirilib.

Səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişafı Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) olan DəmirBank Fitch Ratings agentliyinin "stabil" proqnozu ilə "B-" beynəlxalq reytinqinə və Planet Rating agentliyinin "stabil" proqnozu ilə "B" reytinqinə malikdir. Bu reytinqlər ölkə bank sektorunda yüksək göstəricilərdəndir.

DəmirBank institusional inkişaf və korporativ idarəetmənin inkişafı sahəsində işləri davam etdirir. 2011-ci ildə Beynəlxalq Maliyyə Korporasiyası ilə imzalanan yeni müqaviləyə əsasən kredit portfelinin idarə edilməsi, risklərin idarə edilməsi, daxili auditin inkişafı, insan resursları və menecment informasiya sistemi sahəsində institusional inkişafın dəstəklənməsi proqramının icrasına başlayıb.

DəmirBank il ərzində İT sistemlərinin inkişafı sahəsində mühüm işlər həyata keçirib. Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq "SAP for Banking" proqram təminatının tətbiqi işlərini davam etdirib. Bununla yanaşı Bankda İnfrastruktur layihəsi üzrə İT infrastrukturun yenilənməsi işləri tamamlanmaq üzrədir. Bu işlər Bankın fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına imkan yaradır.

2011-ci ildə DəmirBank bir sıra mükafat və nominasiyalara da layiq görülüb. Bank MDB ölkələri məkanında "Bank məhsullarının yaradılması və tətbiqi" nominasiyasında İlin Bankı və GUAM ölkələri məkanında "PR sahəsində fəal bank" nominasiyası beynəlxalq mükafatlara layiq görülüb.

Ölkənin ilk banklarından olan DəmirBank 2012-ci ildə fəaliyyətinin genişləndirilməsi, keyfiyyət və kəmiyyət göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirməyi nəzərdə tutur.

DəmirBank 2011-ci ilin uğurlu yekunları ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkür edir və yeni uğurlar arzulayır.

Yanvarın 26-na rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti