Azərbaycan, Bakı, 2 may /Trend/
İqtisadi İnkişaf Nazirliyində ölkədə fəaliyyət göstərən beynəlxalq donor təşkilatlarının yerli nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə "dəyirmi masa" keçirilib.
Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirin təşkilində məqsəd İqtisadi İnkişaf Nazirliyi və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, nazirlik və donor təşkilatlar arasında bu sahədə fikir mübadiləsinin aparılması olub.
İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev beynəlxalq donorlar tərəfindən texniki yardım və qrantlar hesabına həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, bu istiqamətdə qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıb.
Tədbirdə nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların nümayəndələri donor təşkilatlarla əməkdaşlığın prioritet istiqamətləri barədə məlumat verib və beynəlxalq donor təşkilatları tərəfindən gələcəkdə həyata keçiriləcək layihələrdə bu istiqamətlərin nəzərə alınmasının vacibliyi qeyd edilib.
Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və donor təşkilatlar arasında gələcək əməkdaşlığa və fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb.