...

Avropa Parlamenti Azərbaycanın kənd təsərrüfatı sahəsində imkanları ilə maraqlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 17:33 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Parlamentinin nümayəndələri və Almaniya Bundestaqının üzvləri ilə görüşüb.
Avropa Parlamenti Azərbaycanın kənd təsərrüfatı sahəsində imkanları ilə maraqlanır

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Parlamentinin nümayəndələri və Almaniya Bundestaqının üzvləri ilə görüşüb. Görüşün məqsədi Azərbaycanda kənd təsərrüfatı sahəsində imkanlarla tanış olmaq, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə dair həqiqətlər, qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat almaq olub. Bu barədə cümə günü Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazir qeyd edib ki, ölkədə aparılan səmərəli iqtisadi siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində nailiyyətlər əldə edilib, ölkəmiz ümumi daxili məhsulun artımına görə dünyada lider mövqeyi tutaraq 2003-2011-ci illərdə iqtisadiyyatın 3 dəfə artmasına nail olub. Bu illərdə sənaye sahələri 4 dəfə, kənd təsərrüfatı 1,3 dəfə, tikinti sektoru 3,1 dəfə, nəqliyyat və ticarət 2,9 dəfə artıb. Bildirilib ki, əvvəllər xaricdən idxal olunan malların bir qismi artıq Azərbaycanda istehsal olunmağa başlayıb, hazırda bitki yağları, şəkər, pivə, papiros və siqaretlər, süd məhsulları, meyvə şirələrinin əksəriyyəti Azərbaycanda istehsal olunur.

Abasov 2004-2011-ci illərdə ölkədə bir milyon yeddi min yeni, o cümlədən kənd təsərrüfatı sahəsində 265 min yeni iş yerlərinin yaradıldığını qeyd edib. 2011-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 34 faiz artıb. 2011-ci ildə 2,5 milyоn tоna yaхın taхıl, 938 min tоn kartоf, 1 milyоn 215 min tоn tərəvəz, 478 min tоn bоstan məhsulları, 765,8 min tоn mеyvə və giləmеyvə, 137 min tоn üzüm istеhsal еdilmiş və 2003-cü ilə nisbətən taхıl istеhsalı 19,4 faiz, kartоf istеhsalı 22 faiz, tərəvəz - 16,0 faiz, bоstan məhsulları - 34 faiz, mеyvə və giləmеyvə - 33,8 faiz, üzüm istеhsalı 2,1 dəfə artıb.

Nazir hazırda dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyaların verildiyini diqqətə çatdırıb. Belə ki, istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə hər hektar buğda və çəltik səpininə görə 2007-2011-ci illərdə 458,3 milyon ABŞ dolları, toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə 2007-2011-ci illər ərzində dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara ümumilikdə 26,8 milyon ABŞ dollarından çох subsidiya verilib.

Abasov qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında Kənd Təsərrüfatı və Kəndin İnkişafı üzrə Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın artıq bünövrəsi qoyulub. Bu təşəbbüs çərçivəsində əməkdaşlıq Azərbaycanın kənd təsərrüfatı və kəndin inkişafı üzrə prioritetlərinin Avropa dəyərlərinə, baytarlıq, fitosanitariya və qida təhlükəsizliyi sahəsində standartların Avropa İttifaqının tələblərinə uyğunlaşdırılmasına dəstək verəcək.

Nazir əldə olunmuş nailiyyətlərlə yanaşı, Azərbaycanda kənd təsərrüfatının inkişaf potensialının tam şəkildə reallaşdırılmasına əngəl törədən başlıca amillərdən biri olan Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və işğal nəticəsində Azərbaycanın ən məhsuldar kənd təsərrüfatı torpaqlarının itirildiyini diqqətə çatdırıb. Bu işğal nəticəsində yaranmış sosial problemlər kənd təsərrüfatı sahəsinə bilavasitə təsir göstərib, öz ənənəvi torpaqlarından məhrum olmuş qaçqınlar və məcburi köçkünlər digər ərazilərdə məskunlaşdırılıb, bu isə həmin ərazilərin həddən artıq yüklənməsinə və adambaşına düşən kənd təsərrüfatına yararlı torpaqların həcminin kəskin şəkildə azalmasına səbəb olub.

Avropa Parlamentinin nümayəndələri və Almaniya Bundestaqının üzvləri səmimi qəbula görə öz minnətdarlıqlarını bildirib və aqrar sahədə ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə əminliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti