Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə işçi qrupla növbəti görüş ilkin olaraq noyabrın 30-na təyin edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
"ÜTT katibliyi bu tarixi təqribi müəyyən edib. Lakin bununla bağlı müzakirələr hələ olacaq. Noyabrın 30-u cümə gününə təsadüf edir. Həftənin qalan günləri ikitərəfli danışıqlara həsr olunacaq və kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqların aparılması da mümkündür", - Məmmədquliyev bildirib.
Onun sözlərinə görə, ölkə artıq ÜTT katibliyinin suallarına cavablar təqdim edib.
"Bu çox vacib məqamdır. Hazırda ticarət təşkilatı katibliyi bizim cavablarımız əsasında yeni hesabat hazırlayır və iki-üç həftədən sonra hesabat baxılmaq üzün bizə təqdim olunacaq. Digər sənədlər də hazırlanır. Hesab edirəm ki, oktyabrda biz onları danışıqlar apardığımız ÜTT-yə üzv ölkələrə təqdim edəcəyik", - Məmmədquliyev deyib.