...

AŞ-nin sosial birlik məsələlərinə məsul nazirlərinin növbəti konfransı Azərbaycanda keçirilə bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 16:09 (UTC +04:00)
Oktyabrın 11-12-də Türkiyənin İstanbul şəhərində Avropa Şurasına (AŞ) üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin "Hamı üçün təhlükəsiz gələcəyin yaradılması" mövzusunda ikinci konfransı keçirilib. Konfransda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
AŞ-nin sosial birlik məsələlərinə məsul nazirlərinin növbəti konfransı Azərbaycanda keçirilə bilər (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Oktyabrın 11-12-də Türkiyənin İstanbul şəhərində Avropa Şurasına (AŞ) üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin "Hamı üçün təhlükəsiz gələcəyin yaradılması" mövzusunda ikinci konfransı keçirilib. Konfransda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konfransın açılışında Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik tədbir iştirakçılarını salamlayaraq, belə bir mötəbər tədbirin ölkəsində keçirilməsindən məmnunluğunu bildirib. Türkiyədə əmək və sosial müdafiə, gənclərin məşğulluğu, sosial birlik məsələlərinin həlli sahəsində aparılan siyasət, əldə olunan uğurlar barədə məlumat verib. Çelik Türkiyənin firavanlığa, sosial həmrəyliyə, təhlükəsiz gələcəyə xidmət edən təşəbbüslərə həmişə dəstək verdiyini, eyni zamanda, əlaqədə olduğu bütün ölkələrə daim humanist, xeyirxah münasibət bəslədiyini qeyd edib.

Avropa Şurası Baş katibinin müavini xanım Qabriella Bataini Draqoni günümüz üçün getdikcə aktual məsələlərə həsr olunmuş bu konfransın yüksək səviyyədə təşkilinə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edərək, bunun sosial məsələlərin həlli ilə bağlı Türkiyənin işgüzar mövqeyinin növbəti əyani nümunəsi olduğunu bildirib.

Tədbirin ilk günündə çıxış edən Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqiyə nail olunması, sosial proqramların icrası, sosial birlik məsələlərinin həlli, xüsusilə böhran şəraitində həssas əhali təbəqəsinin güclü müdafiəsi mexanizminin qurulması, nəsillər arası həmrəyliyin təmin edilməsi istiqamətlərində həyata keçirilən siyasət və əldə edilən nailiyyətlər, bu sahələrdə qarşıda duran vəzifələr barədə məlumat verib.

Avropa Şurasının sosial birlik məsələlərinə məsul nazirlərinin növbəti konfransının 2015-ci ildə Azərbaycanda keçirilməsi təklifi və bununla bağlı olaraq, Ələkbərovun konfransa vitse-spiker seçilməsi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.

Tədbirin ikinci günündə konfransa sədrlik nazir Fizuli Ələkbərov tərəfindən həyata keçirilib. Növbəti konfransın Azərbaycanda keçirilməsi, habelə konfransa vitse-spiker seçilməsi təklifini dəstəklədiklərinə görə tədbir iştirakçılarına təşəkkürünü ifadə edən Ələkbərov ölkəmizin Avropa Şurası ilə əməkdaşlığı daim gücləndirdiyini və bu təşkilatın üzvü kimi üzərinə düşən öhdəlikləri daim sadiqliklə yerinə yetirdiyini vurğulayıb.

Konfrans çərçivəsində nazirlə görüşündə Avropa Şurası Baş katibinin müavini xanım Qabriella Bataini Draqoni Azərbaycana səfəri, ölkə rəhbərliyi ilə görüşləri barədə xoş təəssüratlara malik olduğunu, tərəqqi proseslərinin davamlı xarakter aldığı ölkəmizə xüsusi rəğbət bəslədiyini bildirib. O, insan hüquq və azadlıqlarının təminatı sahəsində Azərbaycanın irəliyə doğru mühüm addımlar atmasından, xüsusən, ötən il "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul edilməsindən, Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin icrası ilə bağlı Azərbaycanın siyasi iradə nümayiş etdirməsindən məmnunluğunu ifadə edib.

Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və qardaş ölkənin ailə və sosial siyasət naziri Fatma Şahinlə görüşlərdə iki ölkə arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu ilə bu gün keçirilən görüşdə İhsanoğlu Azərbaycanın son illərdə bir-birinin ardınca mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini, həmçinin ölkəmizin 2013-cü ilin aprelində İƏT-ə üzv ölkələrin nazirlərinin konfransının Bakıda keçirilməsinə hazır olduğunu yüksək qiymətləndirib, bu konfransın yüksək səviyyədə təşkili üçün İƏT tərəfindən bütün lazımi dəstəyin veriləcəyini deyib. Nazir Fizuli Ələkbərov qeyd olunan tədbirin layiqli şəkildə təşkil edilməsi üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Konfransın yekunu olaraq nazirlər bəyannaməsi qəbul olunub.

Qeyd edək ki, Avropa Şurasının dövlət və hökumət başçılarının 1997-ci ildə keçirilmiş 2-ci sammitində sosial birlik Avropa Şurasının əsas məqsədlərindən biri kimi elan olunub, təşkilata üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin ilk konfransı 2009-cu ildə Moskva şəhərində keçirilib. Üç ildən bir təşkil edilən növbəti konfransın isə, qeyd olunduğu kimi, 2015-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti