Azərbaycan, Bakı, 18 oktyabr / Trend, müxbir A.Axundov /
"Böyük Bakının inkişaf planı" 2030-cu ilədək paytaxtda adambaşına düşən yaşayış sahəsinin hazırkı 17 kvadrat metrdən 25 kvadrat metrə çatdırılmasını nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov cümə axşamı Bakıda MDB dövlətlərinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 34-cü iclasında çıxışı zamanı bildirib.
"Plana görə, 2030-cu ilədək paytaxtda yaşayış sahəsi 30 milyon kvadrat metrədək artacaq və 65 milyon kvadrat metrə çatacaq. Bu dövrdə şəhər əhalisi 3,325 milyon nəfərədək çoxalacaq", - Ələsgərov deyib.
Onun sözlərinə görə, şəhərin yol-küçə şəbəkəsi yüz kilometrlərlə böyüyəcək, çirklənmiş göllərin sayı kəskin şəkildə azalacaq, şəhərin çirklənmiş ərazisi kiçiləcək.
"Bu məsələlərin hamısı noyabrda keçiriləcək "Böyük Bakının inkişaf planı" üzrə ictimai dinləmələr zamanı müzakirə olunacaq. Həmin müzakirələrdə Dünya Bankının, dövlət strukturlarının, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər", - Ələsgərov bildirib.