Azərbaycan, Bakı, 8 fevral /Trend/
Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki rayonunda müasir tələblərə uyğun inşa edilərək informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni Ərazi Qeydiyyat İdarəsinin inzibati binasının açılışı olub.
Komitədən Trend-ə verilən məlumata görə, yeni binanın açılışını edən komitə sədrinin müavini Rafiq Cəlilov qeyd edib ki, artıq 2012-ci ilin may ayından vətəndaşlarımız, əmlak sahibləri daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün elektron qaydada müraciət etmək imkanlarına malikdirlər. Ötən müddət ərzində Bakı şəhəri və respublikanın müxtəlif regionlarından 2000-ə yaxın elektron müraciət daxil olmuş və icra edilib. Son bir neçə ildə görümüş işlərin nəticəsidir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi "Doing Business-2013" hesabatına əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində Azərbaycan ən yaxşı vəziyyətin olduğu on ölkə sırasındadır. Bu göstərici üzrə 183 ölkə arasında 9-cu yerdədir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha yaxşılaşdırılması məqsədilə Bakı Ərazi Qeydiyyat İdarəsinin əlavə olaraq 5 yeni rayon şöbələri istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində, vətəndaşlar əmlaklarını daha qısa müddətdə dövlət reyestrində qeydiyyata aldıra bilərlər. Belə ki, artıq ərazi qeydiyyat idarələrində əmlaklara dair arayışlar 1 gün ərzində, təkrar bazardan keçmiş əmlaklara dair reyestrdən çıxarışlar isə 7 gündən gec olmayaraq təqdim edilir.
2012-ci ildə respublika üzrə 151 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 42 minə yaxını ilkin, 108 minə yaxını isə təkrar qeydiyyat olub.