Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Axundov/
"Paşa Bank" regionlarda sahibkarla iş birliyini genişləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bankın İdarə Heyətinin sədri Fərid Axundov cümə axşamı təşkil olunan mətbuat konfransında bildirib.
"İlin sonunadək Gəncə və Zaqatalada, 2014-cü ildə isə Lənkəranda biznes mərkəzi yaratmaq niyyətindəyik. Ölkənin şimalında da biznes mərkəzin yaradılması planı var. Biznes mərkəzləri bank filiallarından daha böyük səlahiyyətlərə, yaxşı infrastuktura malikdir və daha geniş xidmət sahəsini əhatə edir", - Axundov bildirib.
Onun sözlərinə görə, biznes mərkəzlərinin belə miqdarı bankın bugünkü məqsədlərinə tamamilə cavab verir.
"Bu gün bizim üçün prioritet pərakəndə yox, korporativ seqmentdir ki, buna görə də geniş filial şəbəkəsinə ehtiyac yoxdur. Hazırda orta və kiçik sahibkarların çox hissəsi Bakıda cəmləşib", - Axundov bildirib.
Bundan başqa, onun sözlərinə görə, bank internet-bankinq xidmətinin inkişafı ilə bağlı fəal iş aparır.
"Biz bu istiqaməti perspektiv hesab edirik və inanırıq ki, gələcəkdə sahibkarlar İT platformadan daha çox istifadə etməklə bank xidmətlərindən yararlanacaqlar", - Axundov deyib.