Azərbaycan, Bakı, 19 sentyabr/Trend, müxbir E. Əliyev/
2013-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 176 min 199 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 351 min 674 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.
Trend-in Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 120 min 227-si canlı rejimdə müfəttiş-operatorlar, 55 min 972-si səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb.
Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (12,8 faiz), elektron xidmətlər (24,2 faiz), hesabatlar və onların doldurulma qaydaları (10,5 faiz), qeydiyyat (11,5 faiz) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (49,2 faiz) və dövlət büdcəsinə olan vergi borcları (27,1 faiz) barədə müraciətlər üstünlük təşkil edib.
Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 25,4 faiz artıb. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 994 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.
Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98,4 faizi müfəttiş-operatorlar tərəfindən dərhal, 1,6 faizi isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 72,4 faizi Bakı şəhərindən, 11,8 faizi mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.