...

Salyan rayonunun Xıdırlı kəndinə içməli su verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2013 16:59 (UTC +04:00)
Bu gün Salyan rayonunun Xıdırlı kəndinə içməli su verilməsi münasibətilə tədbir keçirilib.
Salyan rayonunun Xıdırlı kəndinə içməli su verilib (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bu gün Salyan rayonunun Xıdırlı kəndinə içməli su verilməsi münasibətilə tədbir keçirilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov uzun illər Xıdırlı kəndində içməli su probleminin olduğunu qeyd edib, "Azərsu" ASC tərəfindən həyata keçirilmiş layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırıb. O, gələcəkdə rayonun digər kəndlərində də içməli su layihələrinin icra ediləcəyini bildirib.

ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan yüzlərlə yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirib: "Azərbaycanda içməli su problemi müşahidə olunan kəndlərdə təxirəsalınmaz tədbirlər görülür. Bəzi kəndlərdə ilk dəfə olaraq mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır, elə kəndlərimiz də var ki, həmin yerlərdə vaxtilə yaradılmış infrastruktur istismar müddətini başa vurduğundan əhalinin tələbatını ödəmək iqtidarında deyil. Xıdırlı kəndində də belə vəziyyət yaranmışdı və layihə çərçivəsində kəndə yeni magistral su xətti çəkilib və paylayıcı şəbəkə yaradılmaqdadır".

Onun sözlərinə görə, 2013-cü ildə "Azərsu" ASC tərəfindən Masallı, Yardımlı, Lerik, Qusar, İsmayıllı, Qobustan, Balakən, Zaqatala, Gədəbəy və digər rayonların kəndlərində su layihələrinin icrasına başlanıb və bəzi yaşayış məntəqələrində işlər yekunlaşıb.

E.Məmmədov 2014-cü ildə Şirvan-Muğan kəmərindən Salyan rayonunun 17 kəndinə keyfiyyətli suyun veriləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, "Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi" kəndin 3312 sakininin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihəyə uyğun olaraq, kəndə su Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı kəmərindən verilir. Bu məqsədlə 15,7 km uzunluğunda yeni magistral su xətti çəkilib və mövcud şəbəkəyə birləşdirilib. Eyni zamanda, yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək yenisi tikilib, müxtəlif diametrli polietilen borularla 19 km uzunluğunda kənddaxili şəbəkə yaradılıb və hazırda bu sahədə işlər davam etdirilir. Layihə çərçivəsində hər birinin tutumu 300 kubmetr olan mövcud 2 ədəd su anbarı təmir olunacaq, paylayıcı şəbəkədə işlər tam başa çatandan sonra hər bir evə birləşmə veriləcək.

Qeyd edək ki, Xıdırlı kəndinin su təchizatı sistemi ötən əsrin 70-80-ci illərində yaradılmışdı. Uzun müddətdir istifadə olunan magistral və paylayıcı su xətləri, anbarlar və nasos stansiyası istismara yararsız vəziyyətə düşmüşdü. Üstəlik, həmin infrastruktur kəndin yalnız 30 faizini əhatə edirdi və mərkəzləşmiş qaydada içməli su ilə təmin olunan istehlakçılar sutka ərzində cəmi 1-2 saat su alırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti