Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Bu gün Lənkəranda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər" mövzusunda konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Lənkəran iqtisadi rayonuna daxil olan icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov dövlət başçısının ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Lənkəranda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib, Lənkəranda belə tədbirin təşkilinin əhalinin mənzil-kommunal sahəsində yeni münasibətlərə dair məlumatlandırılmasında əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların simasının gündən-günə dəyişdiyini, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldiyini vurğulayıb. Qeyd edilib ki, son illər bu sahədə bir sıra qanunvericilik aktları qəbul edilib ki, bunlardan biri də yeni Mənzil Məcəlləsidir. Məcəllə vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar bu sahədə islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial-müdafiə mexanizminin yaradılması istiqamətində nazirlik tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Bu sahədə əsas yeniliklərdən biri bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqidir.
N.Qasımov qarşıya qoyulmuş məqsədlərə nail olunmasının səmərəli mexanizminin yaradılması məqsədilə icra və bələdiyyə qurumları ilə birlikdə genişmiqyaslı maarifləndirmə və təbliğat işlərinin aparılması, ictimaiyyətin yeni Mənzil Məcəlləsi və onun üstünlükləri, həmçinin bu sahədə digər məsələlər barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Avropa Komissiyasının "Azərbaycan Respublikasında Mənzil-kommunal sahəsində islahatlara dəstək" layihəsinin rəhbəri, Avropa İttifaqının eksperti Yerji Fişer Azərbaycanın mənzil-kommunal sektorunda islahatlar, bu sahənin yeni Mənzil Məcəlləsinə uyğun olaraq idarə olunması, Avropa ölkələrinin təcrübəsi barədə danışıb.
Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov təqdimatla çıxış edərək, Mənzil Məcəlləsindən irəli gələn vəzifələr, yeni idarəetmə üsulları, Məcəllənin tətbiq edilməsi istiqamətində yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə birgə işin təşkili barədə danışıb.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verilib. İnstitut bu istiqamətdə aparılan islahatların elmi əsaslarının işlənməsi üçün müasir beynəlxalq təcrübənin öyrənilməsi əsasında bu sahədə yeni idarəetmə formasının tətbiqi, qeyri-rasional xərclərin azaldılması, yaşayış fondunun idarə edilməsində rəqabətin inkişaf etdirilməsi, təchizatçı-istehlakçı münasibətlərinin formalaşdırılması, modernləşdirilmə prosesinə investisiyaların cəlb edilməsi, enerji resurslarına qənaət üzrə effektiv tədbirlərin görülməsi, yaşayış fondunun inventarlaşdırılması və özəlləşdirilməsinin stimullaşdırılmasına özəl sektorun cəlb edilməsi istiqamətində tədqiqatlar aparır, müvafiq təklif və tövsiyələr verir.
Sonra tədbirdə mənzil-kommunal sahəsində yeni münasibətlərə dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb, "Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu" paylanıb.