Azərbaycan, Bakı, 11 aprel /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 11-də Mərkəzin Xaçmaz nümayəndəliyinin təşkilatçılığı ilə "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında növbəti treninqlər Xaçmaz rayonunda keçirilmişdir.
Tədbirdə biznes planların və investisiya layihələrinin hazırlanması, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması barədə təqdimatlar keçirilmiş, iştirakçılara biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, maliyyə planı, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilmişdir.
Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.