...

Azərbaycan və Gürcüstanın sərhədyanı rayonları "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 13:23 (UTC +04:00)
"Şərq Tərəfdaşlığı" çərçivəsində altı üzv ölkənin, o cümlədən Azərbaycan və Gürcüstanın sərhədyanı regionları birgə inkişaf layihələrini reallaşdırmaq imkanı əldə edəcəklər.
Azərbaycan və Gürcüstanın sərhədyanı rayonları "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstan, Tbilisi, 4 iyul /Trend, müxbir Emin Əliyev/

"Şərq Tərəfdaşlığı" çərçivəsində altı üzv ölkənin, o cümlədən Azərbaycan və Gürcüstanın sərhədyanı regionları birgə inkişaf layihələrini reallaşdırmaq imkanı əldə edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə günü Tbilisidə "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi əməkdaşlığı proqramının (AƏƏP) açılışına həsr edilmiş konfransda proqramın ekspert qrupunun rəhbəbri Aleksey Sekarev bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının layihəsi çərçivəsində tenderlər keçiriləcək, onların qaliblərinə qrantlar ayrılacaq.

Sekarev jurnalistlərə bildirib: "Layihə çərçivəsində ikitərəfli ərazi proqramları həyata keçiriləcək: Azərbaycan-Gürcüstan, Gürcüstan-Ermənistan, Moldova-Ukrayna və Belarus-Ukrayna. Bu proqramda iştirakçı ölkələrin istənilən qeyri-kommersiya təşkilatı iştirak edə bilər. Əsas şərt odur ki, vəsait almağa iddialı olan hər bir layihədə iki həmsərhəd dövlətdən, məhz sərhədyanı regionlardan tərəfdaşlar iştirak etməlidirlər".

Onun sözlərinə görə, AƏƏP iştirakçı ölkələrin əhalisinin məlumatlandırılması üzrə daimi iş aparmaq və layihənin potensial iştirakçılarının ərizə vermək üçün lazımi sənədləri asan hazırlamaları üçün müvafiq treninqlər keçirmək niyyətindədir: "Azərbaycan-Gürcüstan ərazi proqramına gəldikdə, burada Azərbaycan tərəfdən Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi rayonları iştirak edəcəklər. Gürcüstan tərəfdən proqrama Kvemo-Kartli və Kaxeti regionları daxil edilib. İlkin qiymətləndirmələrə görə, qrantların məbləği 20 min avro ilə 250 min avro arasında olacaq. Biz ümid edirik ki, iki ölkədən olan tərəfdaşların planlaşdırdıqları layihələr infrastruktur olmaqdan daha çox həmin regionlarda "sərhədlərin silinməsi"nə istiqamətlənmiş olacaq ki, bu da bu yerlərin əhalisinin bir-birlərini daha yaxşı tanımağa, etibarlı tərəfdaşlar tapmağa və regionların inkişafı üçün nəsə etməyə imkan verəcək".

Sekarevin sözlərinə görə, AƏƏP Aİ ölkələrinin daxili sərhədləri üzrə keçirilən analoji layihələr əsasında reallaşdırılır: "Ərazi proqramları siyasi deyil, yalnız iqtisadi və humanitar məqsədlər daşıyır, ona görə də onlarda siyasi, yaxud dini təşkilatlar iştirak edə bilməzlər. AƏƏP-də istənilən layihə iştirak edə bilər - iştirakçılar hədəf seçməkdə azaddırlar. Bu, iqtisadi, sosial, gənclər və başqa layihələr ola bilər".

Layihənin dəyəri 12,5 milyon avro təşkil edəcək. Azərbaycan ilə Gürcüstan arasında ərazi proqramına bu vəsaitdən 1,35 milyon avro ayrılacaq. Proqrama inzibatçılıq Beynəlxalq Əməkdaşlıq üzrə Alman Agentliyi - GIZ tərəfindən həyata keçiriləcək. Proqram 2016-cı ilin sonuna qədər olan dövr üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti