...

Azərbaycan və Honduras arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 13:59 (UTC +04:00)
Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Azərbaycan və Honduras arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Trend-in məlumatına görə, səfərin ilk günü - iyulun 10-da Honduras nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Honduras nümayəndə heyəti həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.

Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdən əvvəl Honduras nümayəndə heyəti Bakı Biznes Mərkəzində təşkil edilmiş Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olmuşlar.

İki ölkə arasında mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdiyini, Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd etmişdir. Hondurasın ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayan nazir Şahin Mustafayev Honduras Milli Konqresinin Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul etdiyinə görə təşəkkür etmişdir. Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində hüquqi və iqtisadi bazanın yaradılmasının zəruriliyi diqqətə çatdırılmış, iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsi üzərində iş aparıldığı qeyd olunmuşdur.

Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Rivera sürətlə inkişaf edən Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd etmişdir. Hondurasın iqtisadiyyatına dair təqdimatında cənab Alden Rivera ölkəsində həyata keçirilən dövlət proqramları və potensial layihələr barədə məlumat vermiş, Azərbaycan iş adamlarını bu layihələrdə iştiraka dəvət etmişdir.

İyulun 12-dək davam edəcək səfər çərçivəsində Hondurasın iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Bayraq Meydanı və "İçərişəhər"lə tanış olmuşdur. İyulun 11-də isə nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti