Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Bu gün Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İslam İnkişaf Bankının, İslam Tədqiqatları və Təlim İnstitutunun birgə təşkilatçılığı ilə "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlimin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə dövlət qurumları və sahibkarlarla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxışında qeyd edib ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Xaçmazda gənclər üçün biznes inkubatorun yaradılması bu qəbildən olan tədbirlərdəndir. Biznes inkubator gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə, onların innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verəcək. Bildirilib ki, burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar veriləcək, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstəriləcək. Biznes inkubatorların ölkənin digər iqtisadi rayonlarında da yaradılacağı qeyd edilib.
İslam İnkişaf Bankının nümayəndəsi Osman Əhməd çıxışında kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində qabaqcıl təcrübənin tətbiqinin önəmli olduğunu vurğulayıb, təcrübə mübadiləsi baxımından keçirilmiş təlimin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən məruzələr oxunub, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin bu sahədə təqdimatları keçirilib.
Sonda təlim iştirakçılarına sertifikatlar verilib.
Tədbir iştirakçıları daha sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün ayrılmış otaqlarla, burada iştirakçılar üçün yaradılmış şəraitlə, həmçinin Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.