Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda aqrar-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur. Trend xəbər verir ki, bu barədə cümə axşamı Azərbaycan Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) birgə keçirdiyi kənd təsərrüfatının inkişaf perspektivlərinin layihələndirilməsi üzrə seminarda bildirib.
Əmiraslanov deyib: "Artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə işlər görülür. Eləcə də aqrar sektor sahəsində inkişaf konsepsiyası hazırlanır və elektron kənd təsərrüfatı layihəsi reallaşdırılır ki, bu da sahənin inkişafında yeni mərhələdir".
Onun sözlərinə görə, istiqamətlərdən biri respublikada aqrar parkların yaradılması, kənd təsərrüfatı konsepsiyasının inkişafı, sığorta mexanizmlərinin təkmiləşdirilməsi və s. ibarətdir: "Bu gün Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm əhəmiyyət verilir ki, bu da aktual və strateji məsələdir. Əhalinin yarısı regionlarda yaşayır, bu isə o deməkdir ki, regionların inkişafı bilavasitə sosial xarakterli məsələlərlə bağlıdır. Hazırda əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların 38 faizi aqrar sektorda cəmləşib. Bu, ondan xəbər verir ki, biz kənd təsərrüfatı sektoruna yeni iş yerlərinin yaradılması, regional inkişaf və yoxsulluğun səviyyəsinin azaldılması prizmasından da baxırıq".
A.Əmiraslanov qeyd edib ki, bu gün həmin sahədə qəbul edilən qərarlar əsasən struktur dəyişikliklərini nəzərdə tutur. 2014-cü ilin yanvarında dövlət başçısı tərəfindən ərzaq bazarının və kənd təsərrüfatı bazarının təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin reallaşdırılması haqqında sərəncam imzalandı: "Bu, sektorun yaxşılaşdırılmasını nəzərdə tutan yeni mərhələdir. Sirr deyil ki, kənd təsərrüfatı bazarında problemlərin mövcudluğu bu sektorun səmərəli şəkildə dəstəklənməsini həyata keçirməyə imkan vermir və bununla yanaşı, istehsal olunan ərzağın satışında çətinliklər yaranır".
PA rəsmisi bildirib ki, digər mühüm qərar aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətlənməsi ilə bağlıdır.
Onun sözlərinə görə, ölkədə aqrar sektorun inkişafının növbəti mərhələsində yeni əlverişli şərtlərin yaradılması üçün yen proqram və konsepsiyalar hazırlanır.
2014-cü il yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 4,308 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,7 faiz azdır.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 3 faiz artıb, bitkiçilik məhsullarının istehsalında azalma 9 faiz təşkil edib.