...

"Neftin qiymətinin 60 dollarədək azalması dövlət büdcəsinin icrasına ciddi təsir etməyəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2014 19:25 (UTC +04:00)
Dünya bazarında 1 barel neftin qiymətinin hətta 60 dollaradək azalması Azərbaycanın dövlət büdcəsinin xərclərinin icrasına ciddi təsir etməyəcək.
"Neftin qiymətinin 60 dollarədək azalması dövlət büdcəsinin icrasına ciddi təsir etməyəcək"

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbirlər Maksim Tsurkov, Elçin Mehdiyev/

Dünya bazarında 1 barel neftin qiymətinin hətta 60 dollaradək azalması Azərbaycanın dövlət büdcəsinin xərclərinin icrasına ciddi təsir etməyəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dövlət büdcəsi layihəsində nəzərdə tutulmuş 1 barel neftin qiyməti neftin cari bazar qiymətlərindən 10-12 dollar çox, ilin ortasında qeydə alınmış 1 barel neftin orta qiymətindən isə 18 dollar aşağıdır: "Son 3 ayda dünya bazarlarında neftin qiymətlərinin 20 faizdən çox azalmasına baxmayaraq, 2015-ci ildə nəzərdə tutulmuş maliyyələşdirmə ilə bağlı problemlər gözlənilmir. Neftin qiymətinin indikindən də çox ucuzlaşması 2015-ci ildə dövlət büdcəsi xərclərinin icrasına ciddi təsir etməyəcək".

S.Şərifov əlavə edib ki, dünyada, xüsusilə Asiya ölkələrində qlobal iqtisadi artım templərinin yavaşıması səbəbindən neftə tələbatın azalması ixracatçı ölkələrdə, o cümlədən Azərbaycanda neft gəlirlərinin müvəqqəti azalmasına səbəb olacaq: "Bu, müvəqqəti xarakter daşıyır, çünki neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması üçün tutarlı iqtisadi səbəblər çox azdır".

Qeyd edək ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində proqnozlaşdırılır. Gələn il dövlət büdcəsinin kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti