...

"Akkord" Qazaxıstanda icra etdiyi beynəlxalq layihəni uğurla tamamladı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2014 17:23 (UTC +04:00)
“Akkord” Korporasiyasının Qazaxıstanda “Qərbi Avropa - Qərbi Çin tranzit dəhlizi” layihəsi çərçivəsində icra etdiyi, Qızılorda vilayətindən keçən 107 km-lik yol hissəsinin tikintisi başa çatıb.
"Akkord" Qazaxıstanda icra etdiyi beynəlxalq layihəni uğurla tamamladı (FOTO)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

"Akkord" Korporasiyasının Qazaxıstanda "Qərbi Avropa - Qərbi Çin tranzit dəhlizi" layihəsi çərçivəsində icra etdiyi, Qızılorda vilayətindən keçən 107 km-lik yol hissəsinin tikintisi başa çatıb.

Korporasiyadan Trend-ə verilən məlumata görə, 2010-cu il martın 15-də start verilən bu layihə üzrə işlər "Akkord" Korporasiyasının Qazaxıstandakı filialı və Türkiyənin "Okan Holdinq" şirkəti arasında yaradılmış "Akkord-Okan JV" birgə müəssisəsi tərəfindən həyata keçirilib.

Ümumilikdə, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq layihəsinin (Central Asia Regional Economic Cooperation - CAREC) Cənub-Qərb yol layihəsi: Qərbi Avropa - Qərbi Çin Beynəlxalq Nəqliyyat Dəhlizi kimi nəhəng layihə Avropanı Çinlə birləşdirən 2787 km-lik beynəlxalq əhəmiyyətli yolun tikintisini nəzərdə tutur.

Bu yolun Qazaxıstanın Qızılorda vilayətindən keçən 52 km-lik (lot 6, km 1650 - km 1702) və 55 km-lik (lot 8, km 1752 - km 1807) hissəsinin tikintisi ilə bağlı müqaviləyə "Akkord" 2009-cu ilin dekabrında qoşulub. Layihənin sifarişçisi qismində Qazaxıstan Nəqliyyat və Rabitə Nazirliyinin Avtomobil Yolları Komitəsi, maliyyəçi qismində isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı çıxış edib. Layihənin dəyəri 155 853 053.75 ABŞ dollarına bərabərdir.

IIB kateqoriyalı, eni 9 m olan biristiqamətli yolun tikintisinə "Akkord" tərəfindən 1000-ə yaxın işçi qüvvəsi (bunlardan 80 faizini yerli əhali arasından cəlb edilən işçilər təşkil edib), 400-dək maşın və mexanizm cəlb edilib.

Ötən dövr ərazində intensiv şəkildə davam edən işlər nəticəsində yol tikintisi üçün mürəkkəb qrunta malik olan ərazidə 3.324 000 m3 torpaq, 324 000 m3 asfalt işləri görülüb, layihə çərçivəsində ərazidə 2 asfalt, 1 beton, 1 qum-çınqıl zavodu quraşdırılaraq təyinatı üzrə istifadə edilib. Yolda iki lot üzrə 14 körpü, 2 dairəvi yolötürücüsü, 88 suötürücü boru, 6 heyvan keçidi inşa edilib, 282 ədəd işıqlandırma dirəkləri quraşdırılıb.

Hər iki lot üzrə işləri eyni vaxtda davam etdirən "Akkord" 2014-cü il oktyabrın 15-də 6-cı lot üzrə, noyabrın 5-də isə 8-ci lot üzrə tikinti işlərini müvəffəqiyyətlə tamamlayıb.

Korporasiyanın yol-nəqliyyat infrastrukturunun tikintisi sahəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq Qazaxıstanın müvafiq dövlət qurumları tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, bu layihə "Akkord"un Qazaxıstanda icra etdiyi ilk və son layihə deyil. Belə ki, hələ Qızılorda layihəsi üzərində işlər davam edərkən qazanılan etibar sayəsində "Akkord" bu respublikada beynəlxalq CAREC layihəsi çərçivəsində keçirilən daha bir tenderin qalibi olub və İtaliyanın "Todini" və "Impregilo" şirkətləri ilə birgə 37 km-lik beton örtüklü Çimkənd-Daşkənd yolunun tikintisi layihəsinə qoşulub. Hazırda bu layihə üzrə işlər sürətlə davam edir və cari ilin noyabr ayına olan məlumatlara görə, bu layihədə baş podratçı qismində çıxış edən "Akkord" tərəfindən artıq yolun 14 km-dək hissəsində betonqoyma işləri həyata keçirilib.

IA kateqoriyalı, 4 zolaqlı, 22 metr enində olan yolun tikintisinə 2014-cü ilin fevralında start verilib. İşlərin 2015-ci ilin yayında yekunlaşması nəzərdə tutulub.

Xatırladaq ki, CAREC layihəsi çərçivəsində 8 ölkə və 6 beynəlxalq maliyyə institutu iqtisadi inkişafı sürətləndirmək və yoxsulluğun azaldılması sahəsində istisadiyyata investisiyalar yolu ilə əməkdaşlıq edir. İştirak edən ölkələrə Əfqanstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Çin, Tacikistan və Özbəkistan daxildir. Proqramın maliyyələşməsi beynəlxalq maliyyə institutlarından Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Birləşmiş Millətlər İnkişaf Proqramı və Dünya Bankı tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti