...

Azərbaycanda daşınmaz əmlakın satışından vergi tutulması bazara necə təsir göstərəcək?

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2015 15:00 (UTC +04:00)
Ötən illə müqayisədə daşınmaz əmlak bazarında təkliflərin sayı 15-18 faiz azalıb.
Azərbaycanda daşınmaz əmlakın satışından vergi tutulması bazara necə təsir göstərəcək?

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda daşınmaz əmlakın satışından vergi tutulması bazarın fəallığına mənfi təsir göstərəcək. Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

O, hesab edir ki, həmin verginin tətbiqi onsuz da son vaxtlar passivlik nümayiş etdirən Bakının daşınmaz əmlak bazarında aktivliyin getdikcə azalmasına gətirib çıxaracaq: "Ötən illə müqayisədə daşınmaz əmlak bazarında təkliflərin sayı 15-18 faiz azalıb. Həmin gəlir vergisinin tutulmasından sonra isə onların sayı daha da azalacaq".

N.İbrahimovun sözlərinə görə, bu onunla əlaqədardır ki, daşınmaz obyekt sahibləri verginin ödənişinə çəkilən xərcləri kompensasiya etmək məqsədilə həmin obyektlərin qiymətini qaldıracaq: "Bu isə öz növbəsində, potensial alıcıların alıcılıq qabiliyyətinə təsir edə bilər".

Onun sözlərinə görə, eyni zamanda, növbəti illərdən daşınmaz əmlak bazarı tədricən sabitləşəcək: "Belə ki, satıcılar alıcılarla ümumi dil tapmağa məcbur olacaqlar".

Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakın satışından gəlir vergisi 2014-cü ildən nəzərdə tutulsa da, onun tətbiqinə praktiki olaraq cari ildən başlanılıb. Mənzil sahibləri onu 3 il ərzində (əldə edilməsindən etibarən) satmaq istəyərkən alış və satış arasındakı fərqdən gəlir vergisi ödəməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti