Azərbaycan, Bakı, 30 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan "Azərişıq" ASC təhvil-təslim işlərini başa çatmasını gözləmədən regionlarda istehlakçıların elektrik enerjisi ilə təhcizatı vəziyyətini öyrənməyə başlayıb.
"Azərişıq" ASC-dən Trend-ə bildiriblər ki, istehlakçıların elektrik enerjisi ilə davamlı təminatı istiqamətində mövcud olan qaçılmaz problemlərin də aradan qaldırılmasına start verilib. İşlərin sürətləndirilməsi üçün bayram günlərində daxil, Səhimdar Cəmiyyətin vəzifəli şəxsləri, mütəxəssiləri regionlara olublar.
Ölkədə gedən iqtisadi inkişafa uyğun olaraq ölkə başçısının imzaladığı sərəncamdan irəli gələn vəzifələrin ugurla həyata keçirilməsi məqsədilə "Azərişıq" ASC-də yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə də artıq başlanılıb. Bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb.
Cəmiyyətin bazasında texniki təchizat bazası yaradılıb. Ölkəmizin bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı uzun illər istismar olunan agac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda oldugu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. Ölkə ərazisində yeni KTM - lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək təlabata uygun güc mərkəzləri seçilir. Bu güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahasində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri də gedir.
Bayram günlərində gücləndirilmiş iş rejimində çalışan "Azərişıq" ASC əməkdaşları Şimal Regionunda (Xızı,Siyəzən,Şabran,Quba,Qusar və Xaçmaz) onlarla komplekt transformator məntəqəsini (KTM) quraşdıraraq istifadəyə verib. KTM-lər quraşdırılan ərazilərdə tam təhlükəsiz və zövqoxşayan şərait yaradılıb. Yeni quraşdırılan KTM-lər istehlakçılar üçün yerlərdə etibarlı, təhlükəsiz, dayanıqlı elektrik enerjisinin ötürülməsinə tam təminat verir.
"Azərişıq" ASC Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq qısa müddət ərzində mövcud problemlərin aradan qaldırılmasını, elektrik təhcizatında daha müasir metodların tətbiqini, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təhciz edilməsini əsas məqsəd kimi qarşısına qoyub.
Xatırladaq ki, "Azərişıq" ASC Azərbaycan Respunlikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamından sonra yaradılıb. "Azərenerji" ASC-dən təhvil-təslim işləri isə sərəncama uyğun olaraq, 10 aprel 2015-ci ildə başa çatdırılacaq.